Bərdədə həkim səhlənkarlığı barədə iddia araşdırılır

Bərdədə həkim səhlənkarlığı barədə iddia araşdırılır
  21 Aprel 2021    Oxunub:2153
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verilməsi səbəbindən ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir.

Həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər-hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

"Ekspertizanın rəyinə və digər toplanan sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   Bərdə  





Xəbər lenti