“Minsk Qrupunun münaqişəni həll etmək məqsədi yox idi” - Ziyafət Əsgərov

  21 Aprel 2021    Oxunub : 3270
“Minsk Qrupunun münaqişəni həll etmək məqsədi yox idi” -   Ziyafət Əsgərov
“Keçmiş Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olsa da, onların regiona səfərləri heç bir nəticə vermirdi. Sonradan bizə məlum oldu ki, əslində heç Minsk Qrupunun bu məsələni həll etmək məqsədi də yox imiş”.
Bunu Azvision.az -a müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri xatırlatma edib ki, Minsk Qrupunun mandatında münaqişənin həll edilməsi dururdu, lakin onlar bunu yerinə yetirmədilər.

“Əslində dövlətlər arasında etimadın yaradılması, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi, sonradan sülh müqaviləsinin imzalanması Minsk Qrupunun mandatında duran məsələlər idi. Təəssüf ki, bunu etmədilər və turist səfərlərini davam etdirərək regiona gəlib-getdilər. Amma Azərbaycan da bu illəri boşuna itirmədi. Həm siyasi müstəvidə, iqtisadi və ordunun daha da gücləndirilməsi baxımından, həm də xalqla iqtidar arasında olan birliyin daha da gücləndirilməsi istiqamətində xeyli işlər görülürdü. Bu illərdə ordumuza ən müasir texnologiyalarla təchiz olunmuş silah-sursatlar aldıq. Eyni zamanda, özümüzün hərbi sənayemizi gücləndirdik. Siyasi müstəvidə cənab Prezidentin uğurlu siyasi gedişləri də öz sözünü dedi. Ölkə başçısı müxtəlif platformalarda, BMT-dən tutmuş digər beynəlxalq tribunalarda həmişə haqq sözümüzü kəskin ifadələrlə və dəqiq arqumentlərlə əsaslandırırdı. Prezident dünya ictimaiyyətinə çatdırırdı ki, əgər müharibə yolu ilə ərazi bütövlüyümüzü bərpa etsək, sabah bizə nə üçün məsələni hərbi yolla həll etdiniz deməyin. Cənab Prezident dəfələrlə bəyan edirdi ki, əgər sülh yolu ilə məsələ həllini tapmayacaqsa, öz torpaqlarımızı BMT nizamnaməsinin bizə imkan verdiyi çərçivədə azad edəcəyik”.

Ziyafət Əsgərov onu da qeyd edib ki, işğalçı ölkənin 2016-ci ilin Aprel döyüşlərindən sonra dərs götürməməsi təəssüf doğurur:

“Ermənilər yaxşı dərs almışdılar, amma bu uğurlu döyüşlərdən dərs götürməmişdilər. Bundan sonra Tovuz hadisələri yaşandı və sərhəddə təxribatlar törətdilər. Biz yenə də məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduq. Sonradan isə sentyabrın 27-də başqa bir ciddi təxribatla qarşılaşdıq. Artıq səbr kasamız daşdı. Hərbi təxribata hərbi yolla cavab verməli idik ki, bunu da uğurla etdik”.

Qeyd: Müsahibənin ardını gün ərzində saytımızda izləyə bilərsiniz.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ziyafət-Əsgərov