Mina tələsi və revanşist iddialar: Ermənistan sonunu yaxınlaşdırır

Mina tələsi və revanşist iddialar:  Ermənistan sonunu yaxınlaşdırır
  21 Aprel 2021    Oxunub:3630
Ötən gün Prezident İlham Əliyev AzTV-yə müsahibəsində növbəti dəfə Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana təhvil verməməsi məsələsindən danışıb. Dövlət başçısı bildirib ki, indiki mərhələdə işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi davam etdirilir.
Prezident müsahibəsində deyib: "Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub".



Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan zərər görməsin. Ermənistan tərəfinin bu xəritələri verməməsinin əsas məqsədi ondan ibarətdir ki, mümkün qədər çoxlu sayda mülki şəxs onların basdırdığı minaların qurbanı olsun. Bu, bir daha Ermənistan dövlətinin terrorçu mahiyyətini göstərir. Bununla yanaşı mina xəritələrinin təqdim edilməməsi təmizləmə işlərinə daha çox zamanın və maliyyəyinin sərf olunmasına səbəb olur. Nəticədə keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması müddəti uzanır.



Hərbi ekspert Ruslan İmanquliyev mövzu ilə bağlı Azvision.az-a bildirib ki, Ermənistan işğal dövründə ölkəmizə maddi və mənəvi ziyan vurub. Düşmənin vurduğu ziyan müxtəlif sektorları əhatə edir:

"Ekologiyanın pozulması, kənd təsərrüfatı, turizm və bir sıra iqtisadi resursların qanunsuz istismar olunması buna nümunələrdir. Bununla yanaşı qurduqları müdafiə xəttləri eşalonları önündə sıx şəkildə piyada və tank əleyhinə minalar basdırıblar. Bu azmış kimi, onlara verilən möhlət çərçivəsində Laçın, Kəlbəcər və Ağdam rayonlarının tərk edilməsi zamanı insanların ziyarət edə biləcəyi ərazilərə - qəbiristanlıqlara, yollara, əkin sahələrinə və digər ərazilərə minalar, bubi tələləri qurublar. Artıq Azərbaycan torpaqlarını işğaldan azad edib və öz haqqı olan torpaqlarına qayıdıb. İndi Böyük Qayıdış prosesinin sürətlə həyata keçirilməsi planlaşdırılır. Lakin mina sahələrinin xəritələrinin bizə təqdim edilməməsi bu prosesi bir qədər ləngidir. Minalı ərazilərin təmizlənməsi əlavə iqtisadi resursların sərf olunması deməkdir. Bu səbəbdən Ermənistana qarşı qaldıracağımız təzminatın məbləği artırılmalıdır. Bu gün təslim aktına imza atan dövlətin bizə mina təmizləmə müddətində dəstək olmadığı halda tərəfimizdən saxlanılmış terrorçuları geri istəməsi yersizdir".

Qeyd edək ki, Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində erməni faşizminin məhv edilməsindən də söz açıb. Ali Baş Komandan Ermənistana xəbərdarlıq edərək deyib ki, revanşist fikirlərlə yaşayanlar cavablarını alacaqlar:

"Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları".



Vətən müharibəsinin bitməsindən altı aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə ordunu gücləndirib yenidən döyüşə başlamaq barədə düşünürlər. Amma onlar anlamırlar ki, revanşist iddialar Ermənistana yaxşı heç nə vəd etmir. Müzəffər Azərbaycan Ordusu 44 gündə olduğu kimi, yenə düşmənə döyüş meydanında layiqli dərs keçməyə tam hazırdır. Bu isə Ermənistanın bir dövlət kimi məhvinə səbəb ola bilər. Yəqin ki, revanş eşqi ilə yaşayanlar aqibətlərinin necə olacağını düşünməmiş deyillər.



Hərbi ekspert Ruslan İmanquliyevin fikrincə, Ermənistan tərəfindən revanşist fikirlərin səsləndirilməsi erməni dövlətçiliyinin sonunu yaxınlaşdırır:

"Bu gün delimitasiya işləri gedir. Proses 1975-ci ilin xəritəsinə uyğun olaraq aparılır. Amma biz 1920-ci ilin xəritəsinə görə delimitasiyanı aparmış olsaq, bu, artıq Ermənistanın Zəngəzuru, Göyçə gölünün şərqini itirməsi deməkdir. Bu, bizim haqqımızdır, hansı ki, hələlik iddia etməmişik. Ermənilər 19-cu əsrin əvvəllərində süni şəkildə torpaqlarımıza yerləşdiriliblər. Tarixi ərazilərimizdə yaradılmış Ermənistanın siyasətçilərinin revanşist fikirlər səsləndirməsi onların sonunu yaxınlaşdırır. Bundan əlavə, Ermənistanın torpaqlarımıza göz dikərək revanşist iddialar ortaya qoyması Azərbaycanın tarixi torpaqlarında müharibənin başlamasına səbəb ola bilər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ermənistan   Mina   Xəritə  





Xəbər lenti