Regionlarda yeni iş yerləri və daha çox qazanc imkanı - İqtisadi ŞƏRH

 Regionlarda yeni iş yerləri və daha çox qazanc imkanı -  İqtisadi ŞƏRH
  21 Aprel 2021    Oxunub:3403
Prezident İlham Əliyev ötən gün Hacıqabul rayonuna səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsinin, yeni yaradılmış “Agro Dairy” MMC aqroparkı və “Azərsun Şamaxı Aqropark”ının açılışında iştirak edib. Dövlət başçısı Hacıqabul sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodunda istehsal ediləcək yük və xüsusi təyinatlı avtomobillərlə tanış olub. Bundan əlavə, Prezident sənaye məhəlləsində yaradılan “Elberg” tikinti materialları müəssisəsi, “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsi və “Plasstech” zavodunu işə salıb.
Ölkə başçısının iştirakı ilə açılışı olan sənaye məhəllələri və aqroparklar regionun, eləcə də iqtisadi mühitin yenilənməsi və müasirləşməsi, müxtəlif sahələrin inkişafı, əhalinin rifah halının yüksəlişi baxımından mühüm əhəmiyyətə malikdir.

Təkcə bir məqamı vurğulayaq ki, “Azərmaş” zavodunun işə salınması ilə Hacıqabul sənaye məhəlləsində 100 nəfərdən çox insanın məşğulluğu təmin ediləcək. Eyni zamanda, zavodda istehsal ediləcək yük və xüsusi təyinatlı avtomobillər daxili bazarla yanaşı, xaricə ixrac ediləcək ki, bu da ölkəyə külli miqdarda valyutanın daxil olması deməkdir.

Bundan əlavə, sənaye məhəlləsində digər müəssisələrin istifadəyə verilməsi, habelə aqroparkların yaradılması iqtisadi inkişafa yeni təkan verəcək, kənd təsərrüfatı məhsullarının istehsalının artımında mühüm rol oynayacaq.



İqtisadçı deputat Vüqar Bayramov regionların inkişafı istiqamətində görülən işlərlə bağlı Azvision.az-a bildirib ki, Hacıqabulda sənaye məhəlləsinin yaradılması Azərbaycanda sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır.

“Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar genişmiqyaslı vergi güzəştlərindən istifadə etmək imkanına malikdir. Bu, yerli investisiyaların cəlb edilməsinə şərait yaratmaqla yanaşı, sahibkarın dövlət dəstəyindən daha geniş şəkildə faydalanmasına imkan verir. Bu həm də regionların inkişafı baxımdan vacib hesab olunur. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar dövlət dəstəyi ilə yeni iş yerlərinin yaradılmasını həyata keçirirlər".

Deputatın sözlərinə görə, ölkəmizdə həyata keçirilən siyasət bir tərəfdən məşğulluğun təmin edilməsinə, digər tərəfdən istehsal və ixrac imkanlarının artırılmasına gətirib çıxarır:

“Xüsusilə yeni müəssisələr sənaye və bütövlükdə real sektorda kifayət qədər prioritet istiqamətlər üzrə yaradılıb. Bu konteksdən həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradır".



V.Bayramov onu bildirib ki, pandemiya dövründə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan postpandemiya dövründə real sektorda aktivliyi daha qısa zamanda bərpa etmək imkanına malik olacaq.

“Aqroparkların yaradılması kənd təsərrüfatı məhsullarının istehsalının təşkil edilməsi baxımından vacibdir. 2010-cu ildən etibarən Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni yanaşmanı müşahidə edirik. Bu amil məhsulların yalnız xammal formasında deyil, emal edilərək daxil bazarla bərabər, dünya bazarlarına çıxarılmasını ehtiva edir. Aqroparkların sayının artması emaledici məhsulların həcminin artması anlamına gəlir. Bu da kənd təsərrüfatı məhsullarına tələbi artırır və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına zəmin yaradır. Digər tərəfdən aqroparklar dəyər zəncərinə uyğun olaraq emaledici məhsulun xarici bazara çıxarılmasını təmin edir. Nəticədə ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Kənd təsərrüfatında emaledici məhsullar xammala nisbətən 4 dəfədən çox gəlir əldə etməyə imkan verir. Bu da kənd təsərrüfatı məhsullarının keyfiyyət baxımından istehsalının yeni mərhələyə qədəm qoymasına səbəb olur".



Deputat, həmçinin qeyd edib ki, aqroparklar həm də iş yerləri deməkdir: “Bütövlükdə Hacıqabul və digər bölgələrdə həm aqroparkların, həm sənaye məhəllələrinin yaradılması regionlarda iş yerlərinin sayının artırılması, məşğulluğun təmin olunması baxımından vacibdir. Yeni iş yerlərinin açılması ölkədə balanslı iqtisadi inkişafın formalaşmasına xüsusi töhfə verir.

Yeni çağırışlarda iqtisadiyyatın dayanıqlı olmaqla yanaşı, həm də balanslı olması qeyd edilir. Regionlarla paytaxt arasında fərqin minimumlaşdırılması, xüsusən də regionlarda iqtisadi kadrların işlə təmin olunması, özəl sektorun məşğulluqda payının artırılması vacib və prioritet məsələlərdəndir. Yeni sənaye məhəllərinin və aqroparkların yaradılması bu hədəflərə nail olunmasında xüsusi töfhə verəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sənaye-məhəlləsi   Aqropark  





Xəbər lenti