Paşinyana etiraz edən Mehri meri saxlanıldı

Paşinyana etiraz edən Mehri meri saxlanıldı
  22 Aprel 2021    Oxunub:3479
Ermənistanın hüquq-mühafizə orqanları Mehri şəhərinin meri Mkitar Zakaryanı saxlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Zakaryanın vəkili Qayane Papoyan “Facebook” hesabında yazıb. Vəkil qeyd edib ki, merin hansı polis bölməsinə aparıldığı barədə dəqiq məlumat yoxdur.
“Əvvəlcə Mehri polis bölməsinə, daha sonra Qafana aparıldığını dedilər. İndi isə onun bir neçə polis avtobusunun müşayiəti ilə İrəvana aparıldığı barədə məlumatlar almışıq", - deyə Papoyan bildirib.

Xatırladaq ki, dünən baş nazir Nikol Paşinyan Zəngəzur bölgəsinin (Sünik) bir neçə icmasını ziyarət edib. Lakin o, kəskin etirazlarla qarşılanıb, "Nikol vətən xainidir", "Nikol, get!" şüarları səsləndirilib. Təhlükəsizlik qüvvələri ilə baş nazirin əleyhdarları arasında dava olub.

Aksiyalar səbəbindən Paşinyan digər şəhərlərə səfərdən imtina etməli olub.

Baş nazir təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Aqarak şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Mehri  





Xəbər lenti