İngiltərə Xarici İşlər naziri: “Rusiya Krıma tam nəzarət edir”

İngiltərə Xarici İşlər naziri: “Rusiya Krıma tam nəzarət edir”
  03 Mart 2014    Oxunub:999
Uilyam Heyq Rusiyanın Ukraynanın qərbinə doğru daha da irəliləməsindən narahatlığını dilə gətirib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyanın Krımda yerləşdirilən hərbi qüvvələri yarımadadakı əksər hərbi obyektləri nəzarətə götürüb.

Son saatlar ərzində Kerç sərhəd dəstəsi və Balaklava sərhəd zastavası rus hərbi birləşmələri tərəfindən mühasirəyə alınıb. Ukraynanın Krımdakı hərbi kontingenti isə “əsas olan yaxşı silahlanmış rusları təxribata sövq etməmək” olduğunu vurğulayıblar.

Rusiya hərbi gəmiləri Sevastopol limanında aktiv şəkildə hərəkət edir. Limanın giriş-çıxışına tam nəzarət olunur. Ukrayna rəhbərliyi bunu ikitərəfli hərbi razılaşmanın kobud pozulması kimi dəyərləndirib. Bundan əlavə, rus xüsusi xidmət orqanlarının ukraynalı hərbiçilər arasında aktiv təbliğat işi apardığı, onlara psixoloji və fiziki təsirlərin edildiyini bildiriblər.

Belbek və Kerçdəki hərbi hissələr də ələ keçirilib. Bundan başqa Krımda xidmət edən 5 mindən artıq hərbçi yerli hakimiyyət orqanlarının tabeçiliyinə keçdiklərini bildiriblər.

Xatırladaq ki, Rusiya Federasiya Şurası Vladimir Putinin təklif etdiyi və Ukraynada rus qoşunlarının müdaxiləsinə icazə verən qanun layihəsini qəbul etmişdi. Buna rəğmən hələ ki, Rusiya Federasiyası ərazisindən Krıma və Ukraynanın digər regionlarına qarşı hərbi əməliyyatların aparılmadığı bildirilir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti