“Zəngəzur bizim üçün tarixi Vətəndir” - Deputat

 “Zəngəzur bizim üçün tarixi Vətəndir” -  Deputat
  22 Aprel 2021    Oxunub:4862
“Azərbaycan Prezidenti Zəngəzur dəhlizi haqqında danışarkən istər tarixi, istərsə də indiki strateji maraqlarımız kontekstində mühüm fikirlər səsləndirdi. Bir daha aydın oldu ki, bu dəhliz bizim üçün mühüm siyasi-iqtisadi əhəmiyyət daşımaqla bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. Deputat deyib ki, əgər Ermənistan bunu istəsə, daha asan həll edəcəyik, istəməsə zorla həll etməli olacağıq.

“Ermənistan buna mane olmaq fikrinə düşəcəksə, Azərbaycan bu strateji kommunikasiyanın bərpa edilməsi üçün istənilən vasitədən, o cümlədən zor tətbiqetmə vasitəsindən də istifadə edəcək. Bu qətiyyətli fikir Ermənistanda mövcud olan revanşist və radikal qruplara verilən mesaj olmaqla həm də onları bu və ya digər platformada dəstəkləyən ayrı-ayrı güc mərkəzlərinə verilən mesaj idi. Çünki bəzi regional və regiondankənar güclər var ki, onlar Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın bərqərar olunmasında maraqlı deyillər. Hər kəsə aydındır ki, Zəngəzur bizim üçün sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, həm də tarixi Vətəndir. Belə olduqda bu coğrafiyanın milli və tarixi yaddaşımızda mühüm mənəvi tərəfi də var. Məhz bu tarixi reallıqdan çıxış edərək Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Yəni Zəngəzur hər nə qədər bizim dünənimizdirsə, bir o qədər də sabahımızdır. Sadəcə 101 il əvvəl ermənilərə verilib. Nə üçün və necə verildiyi də hamıya bəllidir”.

Hikmət Babaoğlunun sözlərinə görə, biz 101 il əvvəlki tariximizə qayıdaraq tarixi yaddaşımızı yeniləməli və Zəngəzurun nə üçün ermənilərə verildiyini bütün dünyaya çatdırmalıyıq:

“Qoy hamı bilsin ki, ölkəmiz öz milli davasında nə qədər haqlıdır və Azərbaycan Prezidenti həmişə öz çıxışlarında "biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına izin verməyəcəyik" deyəndə nəyi nəzərdə tuturdu. Yəni indiki Ermənistan 101 il əvvəl elə Zəngəzur da daxil olmaqla İrəvan, Göyçə, Zəngibasar, Vedibasar, Lori-Pəmbək (Ağbaba-Şörəyil), Dərələyəz və s. kimi tarixi Azərbaycan torpaqlarında yaradılıb. Doğrudan da, Prezident Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına izin vermədi. Qarabağımız işğaldan qurtarıldı. Ancaq birinci erməni dövlətinə münasibətdə tarixi gerçəklik fakt olaraq qalmaqdadır. Ona görə də, Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq. Bu milli tarixi yaddaşımıza səsləniş və mövcud reallığın obyektiv əsaslarda ədalətli qiymətləndirilməsi idi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngəzur   Vətən   Deputat  





Xəbər lenti