Allahverdi Bağırovun sonuncu doğum günü - Xanımı xatirələrini bölüşdü

 Allahverdi Bağırovun sonuncu doğum günü -  Xanımı xatirələrini bölüşdü
  22 Aprel 2021    Oxunub:4805
Bu gün Azərbaycanın şəhid Milli Qəhrəmanı, "Qarabağ" klubunun keçmiş baş məşqçisi Allahverdi Bağırovun doğum günüdür. Milli Qəhrəmanın dünyaya gəlməsindən 75 il ötür.
Allahverdi Bağırovun xanımı Validə Bağırova həyat yoldaşı ilə bağlı xatirələrini Azvision.az-la bölüşüb. O, 28 ildir Milli Qəhrəmanın məzarını ziyarət edə bilmədiyini söyləyib.

“Biz hazırda Ağdamdayıq. Allahverdinin məzarını ziyarət etmək istədik, ancaq mümkün olmadı. İcazəmiz olmadığına görə, gedə bilmədik. Yalnız 15 gündən sonra ziyarət edə bilərik. Qızlarım atalarının məzarını ziyarət ediblər, mən isə 28 ildən sonra ilk dəfə onun məzarını görəcəkdim. Təəssüf, bu gün qismət olmadı, Bakıya geri qayıdacağıq.

Allahverdi həmişə doğum günlərini yüksək səviyyədə qeyd edərdi. Ağdamdakı restoranında və evimizdə xüsusi təmtəraqla ad günü məclisləri təşkil olunardı. Allahverdi yeddi bacının qardaşı olduğundan hər zaman ailədə sevilib. Artıq 28 ildir ki, biz Allahverdisiz onun doğum gününü qeyd edirik, xatirələrini anırıq.



Sonuncu doğum günündə mən uşaqlarımla birgə Ağdamın kəndində idim, o isə döyüşlərdə idi. Ad günündə ona hədiyyə almışdım. İndiki kimi yadımdadır, hədiyyələri götürüb Ağdamdakı evimizə getdim və Allahverdiyə yemək bişirdim. Onunla telefon vasitəsi ilə danışdıq. Dedim, sənin ad gününə görə gəlmişəm, evdəyəm, hədiyyə də gətirmişəm. Aldığım hədiyyə geyim idi. Bildirdi ki, "mən onu geyinə biləcəyəm ki?! Evdə olmuram, bütün günü döyüşlərdəyəm”. Mən yeməyi və hədiyyəni qoyub evdən çıxdım. Axrıncı ad günü belə oldu. Doğum gününü onsuz qeyd etdik”.



V. Bağırova nəvələrinin Milli Qəhrəmana bənzədiyini dilə gətirib:

“Nəvələrimizin adını Allahverdinin adına uyunlaşdırıb qoymuşuq - Alı və Əli. Əli adlı nəvəm hündürboy olması və saçının formasına görə Allahverdiyə daha çox bənzəyir. O da babası kimi idmançıdır. Allahverdi də futbolla, atletika ilə məşğul olurdu. Torpaqlarımızı qoruduğu kimi, idmanımızın da şərəfini qoruyurdu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Əsgərlərimizə can sağlığı diləyirik, prezidentimizə də təəşəkkür edirik. Onların sayəsində bu gün Ağdam azadlığa çıxıb”.

Qeyd edək ki, Milli Qəhrəman Allahverdi Bağırovla bağlı BURADAN ətraflı məlumat əldə edə bilərsiniz.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Allahverdibağırov  





Xəbər lenti