“Yoluxma halları bir qədər stabilləşir” - Baş infeksionist

  23 Aprel 2021    Oxunub : 2880
“Yoluxma halları bir qədər stabilləşir” -  Baş infeksionist
Hazırda yoluxma hallarının səviyyəsi yüksək olsa da, son vaxtlar bir qədər stabilləşmə müşahidə olunur, xəstəlikdən gün ərzində sağalanların sayının yeni yoluxanların sayını üstələməsi müsbət hal kimi dəyərləndirilir. Bu vəziyyət bizə hazırda yoluxmanın plato səviyyəsində olduğumuzu güman etməyə əsas verir.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, yoluxma zəncirinin qırılması üçün kütləvi immunitetin 70-80% ətrafında formalaşması tələb olunur.

Baş infeksionist qeyd edib ki, kütləvi immunitet xəstəliyi keçirərək təbii və vaksinasiya olunaraq süni yolla əldə edilə bilər.

"Hesab edirəm ki, aparılan geniş maarifləndirmə işlərinə baxmayaraq, hələ də əhalinin müəyyən qismi vaksinasiya olunmaqda tərəddüd edir. Vaksinasiya olunması haqqında saxta sənəd əldə edən insan həm özünü, həm də cəmiyyəti aldatmaqla pandemiya ilə ümumi mübarizə işinə zərər vurmuş olur. Bundan əlavə, infeksiyanın potensial qurbanı olmaqla həyatını riskə atır".

Təyyar Eyvazov, həmçinin qeyd edib ki, belə hallara dünyanın bir çox ölkələrində rast gəlinir və bu yolverilməzdir, qarşısı qətiyətlə alınmalıdır:

"Yalnız vaksinasiyanın kütləviliyi təmin edildiyi və qarşıya qoyulan hədəflərə çatdığımız zaman yoluxma sayının azalması istiqamətində əhəmiyyətli uğur əldə etmək mümkündür".

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Vaksinasiya