“Peyvənd xəstəlikdən qorunmağın ən etibarlı üsuludur” - Həkim

  23 Aprel 2021    Oxunub : 1878
 “Peyvənd xəstəlikdən qorunmağın ən etibarlı üsuludur” -  Həkim
Peyvənd COVID-19 xəstəliyindən özümüzü və yaxınlarımızı qorumağın ən etibarlı üsuludur. Məlumdur ki, COVID-19 xəstəliyi xroniki xəstəliyi olan insanlar üçün xüsusilə təhlükəlidir. Bu halda fəsadların, ağırlaşmaların inkişaf riski yüksəkdir. Ona görə də bütün dünyada həkimlər yanaşı xəstəlikləri olan insanlara vaksinasiyadan keçməyi tövsiyə edir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova “Vaksinasiya nə üçün lazımdır və dünyada vaksinasiya ilə bağlı vəziyyət necədir?” sualını cavablandırarkən deyib. Terapevt bildirib ki, dünyanın 100-dən artıq ölkəsində əhaliyə 500 milyondan artıq peyvənd vurulub.

"Lakin ayrı-ayrı ölkələrdə vaksinasiya sürəti çox fərqlidir. Bəzi ölkələrdə əhalinin çoxu vaksini iki dozada qəbul edib, vaksin ehtiyatları kifayət qədərdir. Digər ölkələrdə isə hələ vaksinin ilk partiyalarının çatdırılmasını gözləyirlər.

Pandemiya dövründə bu vaksinasiya tarixdə ən irimiqyaslı vaksinasiya proqramıdır. Onun məqsədi – planetdə hər bir yaşlı insanı COVID-19 əleyhinə peyvənd etməkdir. Bir sıra yoxsul ölkələr Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında beynəlxalq proqram - Covaxdan vaksin gözləyirlər. Fevralın 24-də Afrika qitəsində bu proqram çərçivəsində ilk olaraq Qana vaksin alıb. Covax 2021-ci ilin sonuna qədər 2 milyard doza vaksin çatdırmağı planlaşdırır".

N.Xəlilbəyova qeyd edib ki, İsraildə və Böyük Britaniyada aparılan peyvəndləmə ilə vaksinlərin yoluxmaları və ölüm hallarını xeyli azaltdığı müəyyən olunub.

"Azərbaycanda vaksinasiyaya bu il yanvarın 18-dən başlanıb. Son sutkada (21 aprel 2021-ci il) COVID-19 xəstəliyi əleyhinə 15 077 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464 090 təşkil edir.

Yaddan çıxarmaq lazım deyil ki, hətta COVID-19-dan sağalmış sağlam insanlar da yenidən virusa yoluxa və onu yaya bilərlər. Ona görə də təhlükəsizlik qaydaları, hər şeydən əvvəl maskalardan istifadə, gigiyena qaydalarına ciddi riayət edilməsi və sosial məsafənin saxlanması həm vaksinasiyadan əvvəl, həm də peyvənddən sonra gözlənilməlidir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Vaksinasiya