Koronavirus xəstələrindən rüşvət alanları 14 ilədək həbs gözləyir

Koronavirus xəstələrindən rüşvət alanları 14 ilədək həbs gözləyir
  23 Aprel 2021    Oxunub:7588
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında “Yeni klinika"nın və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının rəhbərlərinin qanunsuz əməlləri ifşa edilib. Həmin şəxslər koronavirus xəstələrinin tibb müəssisəsində yerləşdirilməsi, habelə müalicə alan pasiyentlərin dərman preparatları ilə təmin edilməsi müqabilində onlardan rüşvət almaqda ittiham edilirlər.
Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə, İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Səhiyyə sistemində ifşa olunan rüşvət olayı barədə Azvision.az-a açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun Prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, ilkin ittiham maddələrinə əsasən barələrində həbs qətimkan tədbiri seçilən həmin şəxsləri 8 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

“Eyni zamanda digər cəzalar da var. Bunların hamısı ağır korrupsiya cinayətləridir. Belə hərəkətlər insanların səhiyyə, tibbi sosial sığorta sisteminə etimadının azalmasına gətirib çıxardır. Eyni zamanda, ölkədə həyata keçirilən islahatlara kölgə salır”.



Hüquqşünas qeyd edib ki, Baş Prokrorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin peşkarlıq nümayiş etdirərək belə cinayətləri ifşa etməsi, korrupsiya qarşı operativ addımlar atması cəmiyyətdə aparılan islahatlara inamın artmasına gətirib çıxarır.

“COVID-19 pandemiyasının təsirlərinin azaldılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş tədbirlərə başlanılıb. Bütün tədbirlər insanların sağlamlığının qorunmasına yönəlib. İlk növbədə səhiyyə sistemində genişmiqyaslı infrastruktur yaradıldı. Yeni, müasir tibb ocaqları, modul tipli xəstəxanalar istifadəyə verildi ki, COVID-in yayılma tendensiyasına uyğun olaraq insanların sağlamlığı təmin edilsin. Yeni xəstəxanaların açılması, müasir avadanlıqların alınması üçün dövlət büdcəsindən böyük vəsait ayrıldı. Azərbaycan həkimlərinin bu dövrdə fədakarlığını yüksək qiymətləndiririk. Onlar ön cəbhədə oldu, hətta həyatlarını itirənlər də var. Yeni tipli xəstəxanalara gənc, perspektivli, xaricdə təhsil almış gənclər cəlb edildi.

Çox təəssüf ki, bir çox hallarda COVID xəstələrinin yerləşdirilməsi zamanı sui-istifadə halları ilə bağlı məlumatlar almağa başladıq. Müəyyən sövdələşmələr nəticəsində ayrı-ayrı şəxslərin ora yerləşdirilməsi, xəstələr üçün xüsusi palataların ayrılması, dərmanların açıq satışa çıxarılmasını müşahidə etdik. Bu dərmanlar COVID protokoluna uyğun olaraq xəstələrə pulsuz tətbiq edilməli idi, amma böyük məbləğlər qarşılığnda xəstələrə vurulurdu. İşbazlar və xəstəxanaların yüksək vəzifəli şəxsləri, həkimlər və hətta kiçik personal da bu vəziyyətdən sui-istifadə edib. Bunlar diqqətdən kənar qala, məsuliyyət yaratmaya bilməzdi”.

Ə.Nuriyevin fikrincə, hər iki xəstəxanaın baş həkimi xaricdə təhsil almış, peşəkarlığı ilə tanınan həkimlər olsa da, onlara göstərilən etimadı doğrultmadılar. Onlar yol verdikləri nöqsanlara görə, qanun qarşısında cavab verməli olacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Xəstə   Rüşvət  





Xəbər lenti