Azərbaycanın tolerantlıq simvolu: “Qafqazın Yerusəlimi”ndən FOTOREPORTAJ (VİDEO)

 Azərbaycanın tolerantlıq simvolu:  “Qafqazın Yerusəlimi”ndən  FOTOREPORTAJ (VİDEO)
  24 Aprel 2021    Oxunub:19403
Qubada dağ yəhudilərinin məskən saldığı Qırmızı qəsəbə Qudyalçayın sahilində yerləşir. Uzun illərdir yəhudilər burada azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Azvision.az bildirir ki, dağ yəhudilərinin Quba ərazisində məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub.



Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin kompakt yaşadığı nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər öz adət-ənənələrini, dini inanclarını qoruyub saxlayırlar.



Qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Qəsəbədəki İsak Xanukov adına 1 saylı məktəbdə azərbaycanlı, yəhudi uşaqlar və Qubada yaşayan digər azsaylı xalqların nümayəndələri birlikdə elmin sirlərini öyrənirlər. 260-dan çox şagirdin təhsil aldığı elm ocağında məktəblilərlə yanaşı, pedaqoqlar arasında da xeyli sayda dağ yəhudiləri var.



Dağ yəhudiləri Quba rayonunun, eləcə də ölkəmizin sosial-ictimai həyatında fəal iştirak edirlər. Azərbaycanın yəhudi əsilli vətəndaşları həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşaraq rəşadət göstəriblər. Dağ yəhudisi olan Albert Aqarunov Qarabağda şəhidlik zirvəsinə ucalıb və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Aqarunovun qəhrəmanlıq dastanı bu gün nəinki Azərbaycanda, dünyanın müxtəlif yerlərində yaşayan yəhudilər arasında dillər əzbəridir.



Ümumilikdə isə deyə bilərik ki, Azərbaycan tarix boyu müxtəlif xalqların azad yaşadığı məmləkətdir. Bu gün ölkəmizdə tarixi ənənəyə söykənən multikulturalizm və tolerantlıq mühiti hökm sürür. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və sərbəst hiss edir.



Ölkəmizdə məskən salan bütün millətlərin nümayəndələri mehriban və sülh şəraitində yaşayırlar. Azərbaycanda azsaylı xalqların hüquqları hər zaman qorunur və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün hər cür şərait yaradılır. Qubadak Qırmızı Qəsəbə bunun ən gözəl nümunəsidir.

























Foto/ Video: Əhməd Xəlilov
Azvision.az


Teqlər: Qırmızı-Qəsəbə   Quba  





Xəbər lenti