Ermənistanın cinayətləri İspaniya portalında

  24 Aprel 2021    Oxunub : 1216
Ermənistanın cinayətləri İspaniya portalında
İspaniyanın “Galicia Digital” elektron portalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətinin nəticəsi olaraq, yüz minlərlə soydaşımızın didərgin düşməsi, tarixi-dini abidələrimizin vandalizmə, qədim Azərbaycan şəhərlərinin urbisidə məruz qalması barədə ispan dilində geniş məqalə dərc olunub.
Azvision.az xəbər verir ki, məqalədə Ermənistan tərəfindən 2020-ci ildə həyata keçirilmiş növbəti hərbi təxribat cəhdi Azərbaycanda yüz minlərlə mülki əhalinin həyatına təhlükə yaratdığı bildirilir.

Qeyd olunur ki, məcburi köçkünlərin sosial vəziyyətinin və həyat şəraitinin yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuş, onların mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunmuş və həmin proqramlar uğurla həyata keçirilməkdədir.

Məqalədə məhz dövlətin qayğısı nəticəsində məcburi köçkünlərin müasir texniki təchizata malik, yeni salınmış yaşayış komplekslərinə, qəsəbələrə köçürülməsi, onlar üçün sosial müavinətlər ayrılması barədə məlumat verilir.

Xüsusi olaraq vurğulanır ki, ötən 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən Azərbaycan Respublikasının Ermənistanın işğalına məruz qalmış ərazilərində yerləşdirilmiş minalar və digər partlayıcı maddələr, eləcə də Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin Azərbaycana bu günə qədər təqdim edilməməsi ölkənin mülki şəxslərinin həyat və sağlamlığına ciddi təhlükə törədir, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtmaq hüququnun qarşısını alır və dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə əlavə çətinlik yaradır.

Azvision.az

Teqlər: İspaniya   Qarabağ