Cinayət törədən qadınların sayı azalıb

Cinayət törədən qadınların sayı azalıb
  24 Aprel 2021    Oxunub:3347
2020-ci ildə 17 482 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, 13 594 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, cinayət məsuliyyətinə cəlb edilənlərin 61,5 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 19,9 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

Cinayət törədən şəxslərin arasında qadınların xüsusi çəkisi 5 faiz, 14-17 yaşda olan yeniyetmələr isə 2,2 faiz təşkil edib. 2019-cu il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 16,4 faiz azalıb, 14-17 yaşda olanların sayı əksinə 0,3 faiz artıb.

2020-ci ildə qeydə alınmış cinayət hadisələrinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, onların 55,9 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizi isə digər cinayətlərdir.

Azvision.az


Teqlər: Cinayət   Qadın  





Xəbər lenti