Kommunist Partiyası Arayikin Rusiyaya səfərinə etiraz etdi

Kommunist Partiyası Arayikin Rusiyaya səfərinə etiraz etdi
  24 Aprel 2021    Oxunub:3459
Azərbaycan Kommunist Partiyası (KP) Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri Arayik Arutyunyanın Rusiyaya səfərinə etiraz edib.
Partiyadan Azvision.az -a verilən məlumata görə, aprelin 23-də Mərkəzi İcraiyyə Komitəsi (MİK) Rəyasət heyətinin keçirdiyi iclasda bununla bağlı etiraz bəyanatı qəbul edilib.

Bəyanatda deyilir: “Aprelin 22-də "Aysor.am" saytının yaydığı məlumata görə, Araik Arutyunyan Moskvaya gedib. Bu səfər beynəlxalq imperializmin nökəri, Ermənistanın siyasi millətçi-burjua rəhbərlərinin oyuncağı, erməni-Azərbaycan münasibətlərinin kəskinləşdirilməsi faktlarının müəllifləri və təşkilatçıları olan A. Aqanbekyan, Z. Balayan və başqalarından növbəti "təlimat" almaq xarakterlidir.

Ölkəmiz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olub. Çünki münaqişədən əziyyət çəkən tərəf olmuşuq. Bu gün xalqımız artıq çəkdiyimizin hesabını tələb etmək iqtidarındadır və bunu edir. Tarixi qələbəmizlə bitən müharibədən keçən 5 ay ərzində Azərbaycan dövləti göstərdi ki, ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər heç zaman unudulmayacaq. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və Azərbaycan çoxmillətli ölkədir.

Arayik Arutyunyanın Azərbaycanın ərazisindən, yaşadığı ölkənin qanunlarına zidd hərəkəti qanunsuzluqdur və bu 8 noyabr kapitulyasiya haqqında üçtərəfli müqavilənin pozulmasıdır. Onun bu cür özbaşınalığına göz yuman sülhməramlı qüvvələrin etinasızlığı yolverilməzdir”.

Etiraz bəyanatında, həmçinin qeyd edilir ki, sülhməramlıların statusu ilə fəaliyyətləri üst-üstə düşmür, onlar sabitliyi təmin etməyi bacarmırlar. Sülhməramlılar Qarabağ ərazisində erməni özbaşınalığına göz yumurlar:

“Sülhməramlılar Qarabağ ərazisində Azərbaycan qanunlarına riayət edilməsinə cavabdeh olmalıdırlar. Arayik Arutyunyanın ölkə ərazisini özbaşına tərk etməsinə, müxtəlif quldur birləşmələrinin təxribatçı hərəkətlərinə göz yuman sülhməramlılar Qarabağ ərazisinə silah idxalına da nəzarət etmirlər. Azərbaycan KP MİK Rəyasət heyəti bildirir ki, şər əməllərin və bütün qanunsuzluğun əsas daşıyıcısı "qondarma qurumun" rəhbəri Arayik Arutyunyandır və həmin qurum tezliklə dağıdılmalıdır!”

Azvision.az


Teqlər: Kommunist-Partiyası  





Xəbər lenti