Çernobıl əlillərinin sosial təminatı üçün görülən işlər

   Çernobıl əlillərinin sosial təminatı üçün görülən işlər
  26 Aprel 2021    Oxunub:2108
35 il bundan əvvəl, 1986-cı il aprelin 26-da Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan Azərbaycan vətəndaşlarının sayı 5500-dən çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 2510-u Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 3000-i isə "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlardır.

Həmin qəza nəticəsində əlilliyi olan vətəndaşların sosial müdafiəsi diqqətdə saxlanır və Prezident İlham Əliyevin tapşırığına əsasən bu sahədə tədbirlər ildən-ilə gücləndirilir:

- Əlilliklərinin səbəblərinə görə Çernobıl əlilləri "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən ediliblər.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara ötən dövrdə 300-ə yaxın mənzil, 400-ə yaxın avtomobil verilib.

- Prezident İlham Əliyevin 2021-ci il yanvarın 25-də imzaladığı Sərəncamla müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təminatı nəzərdə tutulub ki, bu da onlara xüsusi qayğını təzahür etdirir.

- Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (1-ci dərəcə üçün 400 manat, 2-ci dərəcə üçün 350 manat, 3-cü dərəcə üçün 310 manat) verilir.

- Hər iki qrupdan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat, 2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin edilirlər (iştirakçıların böyük əksəriyyəti pensiya ilə təmin olunurlar və onlara ödənilən pensiyaların minimum məbləği 260 manatdır)

- Onlardan 1-ci dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü (130 manat) və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) ödənilir.

- Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət verilir.

- Həm Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, həm də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.

- Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.



Azvision.az


Teqlər: ƏƏSMN   Çernobıl  





Xəbər lenti