Üç qanun layihəsinə dəyişiklik edilir

  26 Aprel 2021    Oxunub : 1675
Üç qanun layihəsinə dəyişiklik edilir
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda iqtisadi sahədə aparılan dövlət siyasətinin effektivliyindən danışıb, azad iqtisadi zonaların əhəmiyyətini qeyd edib.

Komitə sədri azad iqtisadi zonaya sərmayələrin cəlb edilməsi üçün hüquqi çərçivənin dəqiq müəyyən olunmasının əhəmiyyətinə toxunub. O, “Ələt azad iqtisadi zonası haqqında” qanunun 2018-ci ildə qəbulundan sonra keçən müddətdə baş verən dəyişikliklər, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbənin regionda yaratdığı yeni iqtisadi imkanlar, Zəngəzur nəqliyyat dəhlizinin açılması reallığı fonunda müzakirəyə çıxarılan qanun layihəsinin vacibliyini vurğulayıb.

Sonra iclasda Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva çıxış ediblər. Qonaqlar təqdim olunan qanun layihəsinin Ələt Azad İqtisadi zonasının fəaliyyətə başlaması və müvafiq qanunun tətbiqi təcrübəsindən irəli gəldiyini qeyd ediblər, irəli sürülən dəyişikliklər barədə məlumat veriblər. Bildirilib ki, qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.



Qanun layihəsinin müzakirəsində Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitə üzvləri - Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov çıxış ediblər. Deputatlar dəyişikliklərdə terminlərin dəqiqləşdirilməsinin, səlahiyyətli qurumun hüquqlarının genişləndirilməsinin, həmçinin vergi, gömrük, maliyyə məsələlərinin qətiləşdirilməsinin Azad Zonanın fəaliyyətinin səmərəliliyinin təmini baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, qanun layihəsində investorların cəlbi üçün nəzərdə tutulan müddəaları, mübahisələrin sahəvi bölgüsünün ləğvini, onların həllində nəzərdə tutulan qurumların siyahısına Beynəlxalq Arbitraj İnstitutunun əlavə olunmasını mütərəqqi hal kimi dəyərləndiriblər.

İclasda “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra komitənin müzakirəsinə çıxarılmış “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

İclasda deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri – Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, İmamverdi İsmayılov, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Azvision.az

Teqlər: MM   İclas