Putin Sarkisyandan incik düşüb

 Putin Sarkisyandan incik düşüb
  27 Aprel 2021    Oxunub:3179
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın eks-prezidenti Serj Sarkisyandan incik düşüb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Hraparak" nəşri yazır ki, hazırkı mərhələdə Rusiya rəhbərliyi Ermənistanın siyasi qüvvələrinə və xüsusən də qarşıdan gələn seçkilərə olduqca diqqətçəkən münasibət sərgiləyir. Ermənistanın siyasət meydanındakı proseslər həmişə Rusiya hakimiyyəti ilə “razılaşdırılır” və son müharibədən sonra bir çox siyasətçi “qəbullanmaq” üçün Moskvaya gedib.

"Hətta ötən ilki müharibədən sonra Ermənistan Rusiyanın bir "bölgə"sinə çevrilməsə də, Moskva burada özünə təsir dairəsi tapa bildi. Rusiya hakimiyyəti indiki və keçmiş rəhbərlərlə necə davranır, hökumətin başında hansı siyasi qüvvələri “görür”? Üzdə olan görüntü belədir ki, "mübarizə aparın, kim qalib gələcəksə, onunla işləyəcəyik". Ancaq Robert Köçəryan ruslar üçün keçmiş prezidentlərin ən sevimlisidir".

Bundan əlavə, nəşr yazır ki, Kremldə Serj Sarkisyana neqativ yanaşırlar. Bu cür münasibət 2018-ci ildən sonra başlayıb.

"Məsələ burasındadır ki, Sarkisyan 23 aprel 2018-ci il tarixində istefa verməmişdən əvvəl Moskvadan nəinki dəstək istədi, əksinə Vladimir Putini belə bir addım atacağı barədə əvvəlcədən məlumatlandırmadı. Onun gözlənilməz istefası Putinin şəxsinə olan təhqir kimi qəbul edildi. Çünki müttəfiq olaraq Ermənistanın üçüncü prezidenti heç olmasa bu addımı atmadan əvvəl bir zənglə Putinə buna məcbur olduğunu deyə bilərdi. Ona görə də 18 ildən sonra Serj Sarkisyan və Respublikaçılar Partiyası ilə əlaqə qurulmur".

Tural Tağıyev
Azvision.az


Teqlər: Putin   Sarkisyan  





Xəbər lenti