`Ukraynaya hucumu Putindən Yanukoviç xahiş edib`

`Ukraynaya hucumu Putindən Yanukoviç xahiş edib`
  04 Mart 2014    Oxunub:1370
BMT Təhlükəsizlik Şurasının Ukrayna böhranına həsr olunmuş fövqəladə iclası keçirilib.
AzVision.az xəbər verir ki, Rusiyanın istəyi ilə keçirilən iclasda bu ölkənin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiya prezidenti Vladimir Putindən Ukraynaya qoşun çıxarmasını xahiş edib. O, iclasda Rusiyada legitim prezident kimi qəbul edilən Yanukoviçin martın 1-də Kreml rəhbəri Vladimir Putinə ünvanlandığı məktubunu oxuyub.

Məktubda Yanukoviç bildirib ki, hakimiyyət qəsb olunub, ölkə vətəndaş müharibəsinin astanasındadır, Ukraynada xaos və anarxiya hökm sürür. Ölkənin cənub-şərqində və Krımda insanların həyatı təhlükə altındadır “Qərb ölkələrinin təsiri altında açıq terror və zorakılıq həyata keçirilir, insanlar siyasi baxışlarına və dil mənsubiyyətinə görə təqib olunur. Bu baxımdan sülhün, ictimai asayişin, qanunçuluğun bərpası üçün Rusiya Silahlı Qüvvələrinin yardımına ehtiyac var. Bununla əlaqədar olaraq, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə müraciət edərək, Rusiya Silahlı QüVvələrindən Ukraynada qanunçuluğun, stabilliyin bərpa olunması, əhalinin müdafiəsi üçün istifadə edilməsini xahiş edirəm. Viktor Yanukoviç, 1 mart 2014-cü il".

Daha sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsi Yanukoviçin məktubunun fotosurətini Təhlükəsizlik Şurasının üzvlərinə nümayiş etdirib.

Çurkin bildirib ki, məhz bu məktub Rusiyanın ədaləti bərpa etmək üçün öz hərbçilərini Ukraynaya göndərməsinə səbəb olub.

Vitali Çurkin həmçinin qeyd edib ki, Rusiya Viktor Yanukoviçlə müxalifət liderlərinin fevralın 21-də imzaladığı sazişin tətbiq olunmasında israrlıdır: “Ukraynada konstitusiya islahatları aparılaraq ümumxalq referendumuna çıxarılmalı, bütün siyasi qüvvələrin və regionların marağını əks etdirən milli etimad hökuməti qurulmalıdır”.

Qeyd edək ki, Fevralın 21-də Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət liderləri Arseni Yatsenyuk, Oleq Tyaqnibok, Viktor Kliçko ölkədəki siyasi böhrandan çıxış yollarını nəzərdə tutan saziş imzalayıblar. Saziş konstitusiyanın yenilənməsini, 10 gün ərzində milli etimad hökumətinin formalaşdırılmasını, konstitusiya islahatı və seçki qanunlarında islahatlardan sonra növbədənkənar prezident seçkisinin keçirilməsini nəzərdə tutub. Amma müxalifətin radikal qanadı razılaşmanı qəbul etməyərək Viktor Yanukoviçin dərhal istefaya getməsini tələb edib. Həmin gün axşam Viktor Yanukoviç Kiyevdən qaçıb və fevralın 22-də parlamentin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılıb. Hazırda o, Rusiyaya sığınıb. Ukrayna prokurorluğu konstitusiyanı dəyişmək istədiyinə görə, Viktor Yanukoviçə qarşı cinayət işi açıb.

Bu arada ABŞ-ın BMT TŞ-dakı nümayəndəsi Rusiya təmsilçisi Vitaliy Çurkinin dediklərini şübhə altına alıb. O, bildirib ki, Çurkinin dedikləri reallığa uyğun gəlmir:

«Rusiya nümayəndəsini dinləyərkən adam düşünür ki, Moskva hökuməti insan hüquqları üzrə məsələlərə operativ cavab verən briqadadır. Çurkinin çıxışı real faktlara əsaslanmır. Yanukoviç Ukraynanın prezidenti deyil, fevralın 21-də əldə olunan razılaşma isə kağız parçasından başqa bir şey deyil".

ABŞ-ın BMT-dəki təmsilçisi Rusiyanı öz qoşunlarını Ukrayndan geri çəkməyə çağırıb.

Oxşar bəyanatla Fransa və Böyük Britaniya nümayəndələri də çıxış edib.

Böyük Britaniya təmsilçisi bildirib ki, beynəlxalq qanunları pozduğu üçün Rusiya siyasi və iqtisadı sanksiyalara təəccüblənməməlidir.

S. Həsənova


Teqlər:





Xəbər lenti