“Baloğlan virusa çəkilişdə yoluxmuşdu” - Vüqar Əhməd

“Baloğlan virusa çəkilişdə yoluxmuşdu” -  Vüqar Əhməd
  27 Aprel 2021    Oxunub:14785
“Baloğlan əsl Azərbaycan kişisi idi. O, heç vaxt pulun qarşısında əyilməzdi”.
Bunu Azvision.az -a ötən gün koronavirusdan həyatını itirən Əməkdar artist Baloğlan Əşrəfovun yaxın dostu şair Vüqar Əhməd deyib. O, müğənninin ölümündən 3 saat əvvəl onunla telefonda danışdığını bildirib.

“15 gün olardı ki, yoluxmuşdu. Evdə müalicə alırdı, vəziyyəti əvvəl yaxşı idi, getdikcə xırıldamağa, boğulmağa başladı. Ona xəstəxanaya getməyi məsləhət görürdüm. Deyirdi, yox, ev yaxşıdır, həkim gəlir və müalicə edir. Hər gün xəstəxanaya getməsi üçün dilə tuturdum. Bildirirdim ki, Baloğlan, vəziyyətin pisdir. Cavab verirdi ki, “Vüqar, yox, mən yaxşı olacağam”.

Dünən axşam saat 8-də mən və İzzət Bağırov ona zəng etdik. Boğulurdu, ağzını açıb bir kəlmə deyə bilmirdi. Bu danışığımızdan 3 saat sonra ölüm xəbəri çıxdı.

Süni tənəffüs aparatına qoşulmamışdı. Son anda evinə təcili yardım gəlib, ancaq onlar çatanda Baloğlanın vəfat etdiyini görüblər. Ona ciyər köçürülmüşdü, şəkəri var idi. Mütləq xəstəxana şəraitində müalicə almalıydı. Bəlkə də yaşayardı. Əvvəllər səsi yaxşı gəlirdi, zarafatlaşırdı, söhbət edirdi, son günlər 3-4 cümləni güclə deyirdi".



Vüqar Əhməd Əməkdar artistin koronavirusa çəkiliş zamanı yoluxduğunu söyləyib:

"Mənə çəkilişdə bir müğənnidən yoluxduğunu bildirmişdi. Həmin müğənni çəkilişdə Baloğlana deyib ki, "mən karonavirusa yoluxmuşam". Bunu eşidəndə bədəni buzlayıb, qorxub, evə gələndən sonra halı pisləşib. Gərək, insanlar məsuliyyət daşısınlar. Sən xəstəsənsə, evdən çıxmamamlısan. Axı başqalarının ölümünə səbəb olursan.

Bir gün əvvəl mənə dedi, “Vüqar, boğuluram”. Ürəyim pis oldu. O qədər ağlamışam, təzyiqim qalxıb. Baloğlanla ailəvi dost olmuşuq. O vaxtı rəhmətlik anamı infarkt vuranda Baloğlan həkim gətirdi, dedi, “o mənim də anamdır, ölməyə qoymayacağam”. Bir həftə həkimlə bərabər anamın yanında oturdu”.

Yazıçının sözlərinə görə, müğənni Xalq artisti adını almağı arzulayırmış.

“Onun arzusu Xalq artisti olmaq idi. Əməkdar artist adı alanda sabiq nazir Əbülfəs Qarayev ona demişdi ki, “Baloğlan, sən çoxdan Əməkdar artist adını almalı idin. Tezliklə Xalq artisti adını alacaqsan". Sonra xəbər çıxmadı.

Çox gözəl ailəsi var, uşaqlarından narahatlığı yox idi. Mübariz Mənsimova görə bir il efirə çıxmadı. Dedi, "Mübariz çıxmayınca, efirlərdə oxumayacağam, o, məni həyata qaytarıb”. Mübariz çıxandan sonra oxumağa başladı.

Hər ay Flarmoniyada 2 saat canlı konsert verirdi, 6 saat toyda oxuyurdu. Türkiyədə çox sevilirdi. Sərdar Ortac onun mahnılarını oxuyurdu. Baloğlanı şərqdə çox sevirdilər. Bal kimi yanıqlı səsi var idi. İndi özümə bağışlaya bilmirəm ki, dostumun yasına virusa görə getmirəm.



O, əsl Azərbaycan kişisi idi. Heç kimə yaltaqlanmadı, yüngüllük etmədi. Məclisdə deyirdim, “Baloğlan, sən Allah, iki böyük adam var, onlara salam ver”. Cavab verirdi ki, kimin ürəyi istəyirsə, qoy özü gəlib onunla görüşsün. Pul qarşısında əyilməzdi. Bir dəfə ona dedim ki, zəngin adamlar var, 15 min dollar verirlər, səhərə kimi onlar üçün oxumalısan. Qəbul etmədi, dedi, “xeyir ola, onlar üçün səhərə kimi oxuyum”. Başqa bir müğənniyə dedim, getdi”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Baloğlan  





Xəbər lenti