Ermənistanın mina təxribatı kanadalı nazirin diqqətinə çatdırıldı

 Ermənistanın mina təxribatı kanadalı nazirin diqqətinə çatdırıldı
  28 Aprel 2021    Oxunub:2787
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici İşlər naziri cənab Mark Qarno ilə görüşüblər. Görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.
Azvision.az xəbər verir ki, görüş zamanı nazir Qarnoya ötən ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyün bərpa etməsi və hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyətlə əlaqədar məlumat verilib.

Qeyd edilib ki, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycanın bir çox şəhər və kəndləri, o ərazilərdə yaşamış əhalinin əmlakı Ermənistan tərəfindən talan edilib və dağıdılıb. Bu ərazilərdən məcburi surətdə köçürülmüş 800.000-dək azərbaycanlı hal-hazırda geriyə qayıtmaq niyyətindədir və Azərbaycan bu istiqamətdə lazımi hazırlıq işlərini görməkdədir.

Lakin, Ermənistan ordusu tərəfindən vaxtilə basdırılmış minalar mülki əhalinin geriyə qayıtmasını çətinləşdirir və ötən müddət ərzində 20-dən artıq şəxs mina partlayışından həyatlarını itirib, 80-ə yaxın şəxs yaralanıb. Ermənistən tərəfi isə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq, Kanada höküməti minaların təmizlənməsi işində Azərbaycana dəstək olmalı və Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb etməlidir.

Nazir Qarno deyilən fikirləri diqqətlə dinləyib və baş vermiş hərbi əməliyyatlar və eləcə də müharibədən sonrakı vəziyyət ilə əlaqədar tam məlumatlı olduğunu bildirib. O, KAŞ-ın bu sahədə fəaliyyətindən xəbərdar olduğunu və qaldırılan məsələlərin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, sözügedən məsələlər onun rəhbərlik etdiyi qurumun diqqətindədir və Kanada Xarici İşlər Nazirliyi bu məsələ barədə qərarlar qəbul etmək üçün çalışdıqlarını bildirib.

Görüşdə KAŞ-ın İdarə Heyətinin üzvləri və Edmonton, Kalqari və Torontodan olan fəalları iştirak ediblər.

KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olub və intensiv görüşlər keçirib.

Azvision.az


Teqlər: Kanada   Görüş   Səfir  





Xəbər lenti