“Növbəti il iqtisadi stabillik ili olacaq” - Ekspert

 “Növbəti il iqtisadi stabillik ili olacaq” -  Ekspert
  28 Aprel 2021    Oxunub:3466
Azərbaycanda son günlər istehlak mallarında qiymət artımlarının baş verməsi, qarşıdakı aylarda və növbəti ildə bu prosesin hansı istiqamətdə davama edəcəyini gündəmə gətirir.
İqtisadçı ekspert Eldəniz Əmirov məsələ ilə bağlı Azvision.az -a bildirib ki, cari ildə istehlak qiymətlərinin artımının 3,5-3.7% arasında qərarlaşacağı ehtimal edilir. Halbuki bundan gözləntilər 3,2% səviyyəsində idi.

Onun sözlərinə görə, əvvəlki proqnozlarda infilyasiya səviyyəsi Azərbaycanda 3,2% ehtimal edilirdi. Lakin beynəlxalq qurumların son yenilənmiş proqnozlarında bu səviyyənin 3,5%-dək yüksəlməsi gözlənilir:

"Amma qeyd etməliyəm ki, ölkədə və beynəlxalq aləmdə baş verən bəzi proseslər infilyasiya səviyəsinin daha 0,2% yüksəlməsinə və 3,7 faizədək qalxmasına səbəb ola bilər. Məsələn, neft qiymətlərində artımın sürətlənməsi, ölkəyə əlavə pul kütləsinin daxil olması və ya respublikada kommunal xidmət haqlarının yüksəlməsi kimi məsələlər birbaşa inflyasiyaya təsir göstərən faktorlardandır. Növbəti ildə infilyasiya səviyyəsinin bu il gözlənilən səviyyədən daha aşağı olacağını düşünürəm. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ilin iqtisadi baxımdan daha stabil olacağı şübhəsizdir. Təbii ki, pandemiya xarakterli, müharibə fəsadlı situasiyalar ortaya çıxmayacağı təqdirdə, biz tədricən iqtisadi həyatın öz axarına düşəcəyini müşahidə edəcəyik. Hazırkı durum onu deməyə əsas verir ki, sadaladığım neqativ halların başvermə riski çox aşağıdır".

Ekspert növbəti ildə cari illə müqayisədə 0,6% daha az infilyasiya göstəricilərinin olacağını ehtimal edir: "Başqa sözlə, bu göstəricinin 3,2% faizdən çox olmayacağını düşünürəm”.

Azvision.az


Teqlər: Ekspert   İqtisadiyyat  





Xəbər lenti