Malayziya qəzeti Ermənistan rəhbərliyinin təxribatlardan yazdı

 Malayziya qəzeti Ermənistan rəhbərliyinin təxribatlardan yazdı
  28 Aprel 2021    Oxunub:1953
Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda tanınmış nəşrlərdən olan “New Straits Times” qəzetində “Ermənistan rəhbərliyinin təfəkkürü dəyişmədən sülhə nail olmaq çətindir” sərlövhəli geniş məqalə dərc edilib.
Azvision.az xəbər verir ki, məqalədə tarix boyunca Azərbaycan ilə münasibətində Ermənistanın etibarlı qonşuluq nümayiş etdirmədiyi, “Böyük Ermənistan” ideologiyasının təsiri ilə XX əsrin əvvəllərindən 44 günlük Vətən müharibəsinə qədər günahsız azərbaycanlıları qətlə yetirdiyi, xarici havadarların dəstəyi ilə dəfələrlə Azərbaycan torpaqlarını işğal etdiyi qeyd olunur. Lakin 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatın imzalanmasından sonra Prezident İlham Əliyevin bu sənədi mahiyyət etibarilə müharibədən sonrakı dövr üçün Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı inam və davamlı əməkdaşlığı təşviq etmək gücünə malik de-fakto sülh sazişi hesab etdiyi vurğulanır. Həmçinin Azərbaycan Prezidentinə istinadla, 10 noyabr Bəyanatı ilə Qarabağ münaqişəsinin başa çatdığı qeyd olunur.

Qanlı müharibənin başa çatmasından qısa müddət sonra Prezident İlham Əliyevin sülh və əməkdaşlıq yönündə birmənalı mövqe və böyük cəsarət nümayiş etdirdiyi, bu səpkidə Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış ermənilərin rayonu tərk etməsi üçün üçtərəfli Bəyanatda nəzərdə tutulan vaxtdan əlavə daha 10 gün möhlətin verilməsi, əsirlərin və saxlanılan digər ermənilərin geri qaytarılması, 1400-dən çox erməni hərbçisinin cəsədlərinin Ermənistana təhvil verilməsi, Gorus-Qafan yolunun işğaldan azad edilmiş və hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətində olan hissəsindən Ermənistan vətəndaşlarının istifadəsi üçün icazənin verilməsi, eləcə də Rusiya təbii qazının Ermənistana nəqli üçün Azərbaycan ərazisindən istifadəyə şəraitin yaradılması kimi mühüm addımlar atdığı vurğulanır.

Lakin qonşu ölkələr arasında davamlı sülh və əməkdaşlıq münasibətlərinin birtərəfli qaydada təmin olunmasının mümkünsüzlüyü bildirilərək, Ermənistan rəhbərliyinin nəinki beynəlxalq humanitar hüquqdan və 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmədiyi, hətta öz əhalisini sülhə hazırlamaq üçün kiçik təşəbbüskarlıq belə göstərmədiyi nəzərə çatdırılır. Qeyd olunur ki, bununla belə, Ermənistanın bu münasibəti müharibə sonrası ruhdan düşmüş və yaxud hər hansı siyasi rəhbərliyin travma sonrası davranış pozuntusu kimi qəbul edilməməlidir. Bu məsələ əsasən Ermənistanın siyasi mədəniyyətində Azərbaycana qarşı uzun illərdir kök salmış zərərli iddialarla əlaqədardır. Lakin bu vəziyyətin müalicəsinin yükü Ermənistan əhalisinin, bu prosesin təşviq edilməsi məsuliyyəti isə beynəlxalq dairələrin üzərinə düşür.

Məqalədə sülh prosesi ilə bağlı təşəbbüskarlığın təxribata məruz qalmasında erməni diasporunun da xüsusi rolunun olduğu vurğulanır, Ermənistan rəhbərliyinin mütəmadi şəkildə diaspor dairələrinin törətdiyi təxribatlardan faydalanaraq, gündəlik yaşayış ehtiyacları üçün mübarizə aparan sadə ermənilərə təsir göstərdiyi qeyd edilir. Bu səbəbdən Ermənistanın növbəti dəfə qurban rolu oynayaraq, müharibə travması bəhanələrinin arxasına gizlənməsinə və beləliklə, 10 noyabr Bəyanatından irəli gələn sülh quruculuğu öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmasına icazə verilməməli olduğu vurğulanır.

Məqalədə Prezident İlham Əliyevin aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışına xüsusi yer ayrılır. Sülh quruculuğunun təmin edilməsində Azərbaycan Prezidentinin aparıcı beynəlxalq təşkilat və QHT-lər ilə birgə əməkdaşlığa önəm verdiyi nəzərə çatdırılır.

Yazıda beynəlxalq institutların bu istiqamətdə ilk və səmərəli addım kimi Azərbaycanın vaxtilə işğal altında olmuş və Ermənistan tərəfindən minalanmış ərazilərinin xəritələrini əldə etməsinin vacibliyi diqqətə çatdırılır. Belə bir nailiyyətin Azərbaycan ilə Ermənistan arasındakı dinc qonşuluq münasibətlərinin qurulması ümidinə önəmli töhfə verəcəyi vurğulanır.

Azvision.az


Teqlər: Malayziya   Ermənistan  





Xəbər lenti