“ABŞ Azərbaycanla əlaqələrə önəm verir”

“ABŞ Azərbaycanla əlaqələrə önəm verir”
  29 Aprel 2021    Oxunub:3218
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatından sonra sözügedən ölkənin dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefonla zəng etməsi Birləşmiş Ştatların Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, rəsmi məlumatda bildirilir ki, dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini qeyd edib:

"Enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. Eyni zamanda, Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını vurğulayıb. Birləşmiş Ştatların Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Azərbaycanın payına düşür. Belə ki, ABŞ-ın Cənubi Qafqazın 3 ölkəsi ilə illik ticarət dövriyyəsi 1 milyard 485 milyon dollardır. Bunun 791.8 milyon dolları Azərbaycanın, 541 milyon dolları Gürcüstanın və 152 milyon dolları Ermənistanın payına düşür.

Qeyd edim ki, Avropa Birliyinin Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Göründüyü kimi, ölkəmiz aparıcı Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdır. Digər tərəfdən, ABŞ-ın əsas mütəffiqlərindən olan Avropanın enerji təhlukəsizliyinin formalaşmasında Azərbaycanın rolu artmaqdadır. Son 3 ayda Azərbaycan İtaliyaya mavi qaz ixracatını 77 faiz artırıb və bütövlükdə bu il ölkəmizdən “qədim qitəyə” 5 milyard kub metr mavi qaz nəql ediləcək. Yaxın illərdə həmin rəqəm 2 dəfə artacaq. İkinci mərhələdə isə bu illik 20 milyard kub metrədək yüksələcək".

Deputat vurğulayıb ki, Qərb ölkələri ilə iqtisadi və ticari əlaqələrin inkişafı ilə yanaşı Azərbaycan hər zaman Türkiyənin yanındadır:

"Dövlət katibi Entoni Blinken ilə söhbətdə Azərbaycan Prezidenti bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb. Bu isə Azərbaycan üçün Türkiyənin nə dərəcədə vacib tərəfdaş və əziz qardaş olduğunun göstəricisidir".

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan   Türkiyə  





Xəbər lenti