Pensiya hansı hallarda yenidən hesablanır? - RƏSMİ

Pensiya hansı hallarda yenidən hesablanır? -  RƏSMİ
  30 Aprel 2021    Oxunub:7036
Təqaüdə çıxmış şəxsin pensiya məbləğini yenidən hesablamaq üçün əsas olmalıdır. Əgər bu əsas yoxdursa, vətəndaş bizə müraciət etdikdə, ona mövcud pensiya məbləği və hesablanma qaydası məktubda izah olunur.
Azvision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev deyib. O bildirib ki, vətəndaş bəzən özünün hesablamasının daha düzgün olduğunu düşünür və yenidən müraciət edir.

“Pensiya məbləğini hesablamaq üçün başqa əsas olmadığından məcburi eyni cavabı göndəririk. Pensiyaların yenidən hesablanmasına əsas olmalıdır. Birincisi, hər il pensiyaların indeksləşdirilməsi baş verir. Proses avtomatlaşdırılmış qaydada həyata keçirilir. İkincisi, 2019-cu ildə aparılan islahatlara əsasən pensiyaların hesablanması proaktiv qaydada aparılır. Burada 25 il sığorta stajı əsas götürülür. Bəzən vətəndaşın sığorta stajı daha çox olur. Bu zaman vətəndaş yenidən stajı təsdiq edən sənədləri təqdim edir və hesablanma aparılır. 25 ildən artıq staj hissəsi əlavə olaraq hesablanır və üzərinə əlavə edilir. Bəzən bizə təhsil dövrünün staja daxil edilməsi ilə bağlı müraciət edirlər. Bu, 2006-i ildən əvvəlki dövrə aiddir, həmin şəxs əyani təhsil almalıdır. Bundan əlavə, pensiyaya çıxan şəxs hələ də işləyirsə, o, hər 6 ildən bir yığılmış kapitalını hesablatdıra bilər”, - deyə DSMF rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: DSMF   Pensiya  





Xəbər lenti