Yoluxmalar azalır, karantin rejimi yumşala bilər

Yoluxmalar azalır, karantin rejimi yumşala bilər
  30 Aprel 2021    Oxunub:7280
Son günlər ölkədə koronavirusa gündəlik yoluxma hallarının sayı azalır, sağalanların sayı artır. Eyni zamanda, COVID-19 əleyhinə vaksinasiya olunanların sayı 1 milyon 500 minə yaxınlaşır.

Həkim-infeksionist Sadiqə Əliyeva Azvision.az -a açıqlamasında bildirib ki, epidemioloji vəziyyətdən asılı olaraq karantin tədbirlərində yumşalma və sərtləşdirmə ola bilir.
“Koronavirusa gündəlik yoluxma tendensiyası davam edərsə, Azərbaycanda karantin qaydalarında yumşalma ola bilər. Azalmanın qiymətləndirilməsi dördrəqəmli saydan üçrəqəmliyə, üçrəqəmlidən ikirəqəmliyə düşməklə aparılır. Sağalanların sayının çoxalması da burada əsas diqqət edilən məqamdır. Bu gün əsas hədəf epidemioloji vəziyyətin stabilləşməsi, yoluxanların və ölənlərin sayının azalmasıdır”.

S.Əliyeva indiyə qədər bütün yoluxucu xəstəliklərlə mübairəzədə ən effektiv üsulun vaksinasiya olduğunu qeyd edib. Onun sözlərinə görə, pandemiya ilə mübarizədə yoluxma zəncirini qırmağın ən effektiv yolu vaksinasiyadır.

“Bütün əhalini vaksinasiya olmağa çağırıram. Hər kəs ailəsini, özünü qorumaq üçün vaksinasiya prosesində maraqlı olmalıdır, fəal iştirak etməlidirlər. Dezinformasiyalara uymasınlar və mümkün qədər peyvənd olmağa çalışsınlar.

Vaksinasiya üçün qoyulan 80 faiz hədəfə nə zaman çatmağımızdan çox əhalinin bu prosesə maraqlı olması vacibdir. Ölkəmizdə vaksinasiya strategiyasına əsasən ilk növbədə yüksək risk qrupları peyvənd olundu. Hazırda 40 yaş üzəri şəxslər vaksinasiya olunur. Vaksinasiya ilə bağlı yaş məhdudiyyətinin aradan qaldırılması təklifi qəbul olunarsa, nəticələr daha yaxşı olar. Lakin bu vaksin sayının miqdarından da asılıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti