Tacikistan və Qırğızıstan liderləri atəşkəsi müzakirə etdilər

Tacikistan və Qırğızıstan liderləri atəşkəsi müzakirə etdilər
  01 May 2021    Oxunub:3922
Qırğızıstan Prezidenti Sadır Japarov ilə tacikistanlı həmkarı İmaməli Rəhmon arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, tərəflər sərhəddə atəşkəsin bərpası və qoşunların daimi mövqelərə qaytarılması barədə razılaşmaların yerinə yetirilməsini müzakirə ediblər.

Prezidentlər bu istiqamətdə işçi qruplarının birgə fəaliyyəti, delimitasiya və demarkasiya üzrə hökumətlərarası komissiyaların iclasının başlanması barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstanla Tacikistan sərhədinə yaxın ərazilərdə yaşayan yerli sakinlər arasında qarşıdurma olub. Qarşıdurma sonda iki ölkənin hərbçiləri arasında atışmalara səbəb olub. 6 saat davam edən atışma zamanı hər iki tərəfdən təxminən 40 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir.

Aprelin 29-u axşam saatlarında tərəflər atəşkəs və hərbi qüvvələrin sərhəddən uzaqlaşdırılması barədə razılığa gəldilər. Lakin ertəsi gün atəşkəs pozularaq döyüşlər bərpa edilib. Aprelin 30-da isə ikinci dəfə atəşkəslə bağlı razılıq əldə olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Atəşkəs   Tacikistan   Qırğızıstan  





Xəbər lenti