Təyyarədə bu əşyaların daşınmasına icazə verildi

  01 May 2021    Oxunub : 2521
 Təyyarədə bu əşyaların daşınmasına icazə verildi
Xəstəliyə yoluxma riskinin azaldılması məqsədilə hava gəmisində olan sərnişinlərə profilaktik sanitar-gigiyena tədbirləri (əl gigiyenası, fiziki məsafə (bundan sonra – məsafə), tənəffüs gigiyenası və digər profilaktik tədbirlər) barədə məlumat veriləcək, habelə hava gəmisində ümumi istifadədə olan səthlər mütəmadi təmizlənəcək və dezinfeksiya ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ında etdiyi dəyişiklikdə qeyd olunub.

Hava limanında tibbi yoxlamanın operativ təşkili üçün Azərbaycana uçuşları icra edən bütün aviadaşıyıcılar pasport məlumatlarını və COVID-19 müayinəsinə dair testin neqativ nəticələri göstərilməklə, reysdəki sərnişinlər barədə məlumatı (siyahını) belə yoxlamanı aparan quruma vaxtında ötürülməsi məqsədilə hava limanında təyin edilmiş yerüstü xidmətlər göstərən operatora SİTATEX vasitəsilə GYDADXH ünvanına əvvəlcədən ötürməli idilər. Qərara əsasən, aviadaşıyıcılar üçün bu tələb ləğv olunub.

Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. İstisna hallarda qüvvədə olan qərara, aviaşirkətlərin qaydalarına əsasən müəyyən edilən yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və s.) daşınması mümkün idi.

Dəyişikliyə əsasən, əl yükü kimi daşınmasına icazə verilən şəxsi istifadə əşyalarının siyahısı genişləndirilib. Siyahıya ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera, portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir), üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir), gül dəstəsi, uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi, çətir, uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar daxil edilib.

Noutbuk yeni siyahıda yer almayıb. Ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına da icazə verilib.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti