“Ağdamda şahidi olduğumuz vəhşiliklərdən heyrətə gəldik” - Sergey Markov

  01 May 2021    Oxunub : 3421
   “Ağdamda şahidi olduğumuz vəhşiliklərdən heyrətə gəldik” -    Sergey Markov
Biz buradakı vəziyyətlə tanış olduqda bu əraziləri işğal edənlərin vəhşiliklərinin, qeyri-insani münasibətlərinin şahidi olduq və heyrətə gəldik.
Bu sözləri mayın 1-də Ağdamda səfərdə olan Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə müsahibəsində deyib.

O, Ağdamın yenidən abad şəhərə çevriləcəyinə əminliyini ifadə edib: "Sevinirik ki, Rusiyanın vasitəçilik etdiyi danışıqlar nəticəsində Ağdam itkisiz azad edilib. Qürur hissi duyuruq ki, sülhün əldə edilməsində Rusiyanın da payı var. Ümid edirik ki, bura yenidən çiçəklənən şəhərə çevriləcək. Burada yenə də məktəblər, xəstəxanalar, yaşayış binaları, yollar, məscidlər tikiləcək. Biz inanırıq ki, bərpadan sonra burada yenidən xoşbəxt həyat olacaq".

"Minalanmış ərazilərin xəritələrinin verilməməsi sülh danışıqlarının kobud şəkildə pozulmasıdır"

Sergey Markov bildirib ki, səfər zamanı azad olunmuş ərazilərin minalanmasını öz gözləri ilə görüblər. "Bilirik ki, bu sahələrin təmizlənməsində Rusiya sülhməramlıları da iştirak edirlər. BMT strukturları da bu işdə Azərbaycana yardım etməlidirlər. Çünki hazırda dünyada mina partlayışından şikəst olan milyonlarla insan var və bu qlobal problemdir.

Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrini verilməməsi sülh danışıqlarının kobud pozulmasıdır. Mina xəritələrinin təqdim edilməməsi nəticəsində gələcəkdə daha çox insan həyatını itirə bilər. Əlbəttə, sülh razılaşmasının təşəbbüskarı və qarantı kimi Rusiya Ermənistanın mina xəritələrini təqdim etməsinə çalışacaq. Yəqin ki, həmin mina xəritələri var. Erməni zabitlər Rusiyada, yaxud Ermənistanda sovet hərbi məktəblərində oxuyublar. Sovet hərbi məktəblərindəki nizamnamələrə əsasən, iki xəritə hazırlanır. Bu xəritələrdən biri hərbi birliklərə, digəri isə Baş Qərargaha təqdim edilir, orada saxlanılır. Mina xəritələri Azərbaycana məqsədli şəkildə verilmir ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etməsi prosesi geciksin, daha çox insan tələfatı olsun. Bu, tamamilə qəbuledilməzdir”, - deyə o qeyd edib.

"ATƏT-in Minsk Qrupu fərqli mövqe ortaya qoymalıdır"

Sergey Markov bildirib ki, ATƏT-in Minsk Qrupu fərqli mövqe ortaya qoymalıdır: "Hesab edirəm ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər. Çünki Fransa həmsədr dövlət kimi özünü doğrultmur və qeyri-bərabər mövqeyi ilə vasitəçi kimi qala bilməz. Hesab edirəm ki, Fransa hər hansı başqa Avropa ölkəsi ilə, məsələn Almaniya ilə əvəzlənə bilər".

Azvision.az

Teqlər: SergeyMarkov