Erməni vandalizminə məruz qalan Məmmədbəyli türbəsi - FOTOLAR
Məlumat üçün bildirək ki, səkkizguşəli prizmadan ibarət olan türbə Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə 1305-ci ildə inşa edilib. Binanın memarı və bənnası XIV əsrdə İpək yolu üzərindəki abidələri yaratmış Əli Məcdəddindir. Türbə memarlıq-konstruktiv formasına görə digərlərindən seçilir. Türbə səkkizbucaqlı şəkildə inşa edilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları isə yonulmuş daşla çox səliqəli formada üzlənib. Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Məmmədbəyli türbəsi haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində rus tarixçisi İvan Şeblıkin (1884-1947) verib. Türbə dövrümüzədək salamat gəlib çatıb.
Məmmədbəyli türbəsi Azərbaycanın bürcvarı türbələrinə bənzəyir. Tikintisində çay daşlarından istifadə edilib. Deyilənə görə, bu abidədən Həkəri çayının digər sahilində Şərifan kəndinə yeraltı tunel olub. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənərkən türbənin sərdabəsi üzə çıxıb. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının və varlı şəxslərin qəbri üstündə ucaldılarmış.
Təqdim etdiyimiz fotolardan da göründüyü kimi, Məmmədbəyli türbəsi erməni vandalizminə məruz qalıb. İşğal dövründə abidənin müəyyən hissələrində dağıntılar törədiblər. Sözügedən tarixi abidə 27 il ərzində baxımsız vəziyyətdə qalıb.
Anar Kəlbiyev
Foto: Anar Bayramlı
Azvision.az
Teqlər: Zəngilan Məmmədbəyli Türbə