İrəvandan Dehliyə xain zərbə: Qandinin heykəli erməniləri “yandırdı”

 İrəvandan Dehliyə xain zərbə:  Qandinin heykəli erməniləri “yandırdı”
  03 May 2021    Oxunub:8296
Bu günlərdə Ermənistanda Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri sayılan Mahatma Qandinin heykəli təhqirə məruz qalıb. Millətçi ermənilər İrəvanda ucaldılmış heykəli yandıraraq, vandalizm aktı törədiblər.
Erməni radikallar bununla kifayətlənməyərək Hindistan liderinin heykəlini yumurta atəşinə tutub, Qandinin adı yazılmış lövhəni isə söküblər.

Ermənistan KİV-ləri heykəlin təhqir olunmasına müxtəlif formada don geyindirməyə çalışıblar. Belə ki, hadisəni törədən şəxslər sosial şəbəkələrdə bu mənfur əməllərini Qandinin Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə müttəfiq olması ilə əlaqələndiriblər. Onlar hesab edirlər ki, İrəvanda türklə dostluq edən siyasi liderin heykəli sökülməlidir. Erməni barbarlar bundan sonra da Qandinin heykəlinin sökülməsi üçün mübarizə aparacaqlarını bəyan ediblər.

Hadisə geniş rezonans doğursa da, Qandinin heykəlini təhqir edənlər hələ də müəyyən olunaraq cəzalandırılmayıb.

Nədənsə erməni vəhşiliyi, radikalizmi hər zaman belə absurd iddia və ideyaları ilə seçilir. Onlar gənclərə yalançı tarix aşılamaqla yanaşı, hətta yeri gələndə öz müttəfiqlərinə də xəyanət etməkdən çəkinmirlər. Buna xeyli nümunə göstərmək olar. Məsələn, Ermənistan baxmayaraq ki, Rusiya ilə yaxın müttəfiqdir, İrəvanın hərbi-siyasi rəhbərliyi zaman-zaman dost hesab etdikləri ruslara qarşı çıxaraq, gerçək simalarını nümayiş etdirib.

Moskva üçün qırmızı xətt sayılan faşizm məsələsində Ermənistan rəhbərliyi tərəfindən erməni faşistə -Qaregin Njdeyə heykəllər qoyulması, belə bir caninin adının küçələrə verilməsi Rusiyanın dövlət maraqlarına daban-dabana ziddir. Əlbəttə, Ermənistanın faşizmi qəhrəmanlaşdırması Rusiyada birmənalı qarşılanmayıb. Moskvadan gələn etirazlara rəğmən İrəvan faşizmi alovlandırmağa bu gün də davam edir.

Ermənistandan gələn növbəti faşizm nümunəsi və müttəfiqə qarşı qeyri-adekvat davranış Hindistana qarşı atılan heykəl qalmaqalı addımı ilə ortaya çıxmış oldu. Qandinin heykəlinin təhqir edilməsi ermənilərin dəyər, dostluq anlayışının olmamasınını bir daha sübut etdi.

Bu gün Hindistan Ermənistanla isti münasibətlər quran nadir ölkələrdən sayılır. Bütün dünyada tanınan və hörmət edilən bir hindli liderin heykəlinə qarşı belə təhqiramiz davranışın sərgilənməsi yalnız erməni təfəkkürünün hansı səviyyədə olmasından xəbər vermədi, İrəvan üçün dost ölkə anlayışının da olmadığını göstərdi. Artıq sosial şəbəkələrin erməni seqmenti heykəlin tamamilə götürülməsini tələb edən çıxışlarla dolub-daşır. Kimisi Qandinin heykəlinin yandırılmasının müsbət olduğunu deyir, bəziləri isə ümumiyyətlə heykəlin götürülüb zibil yeşiyinə atılmasına çağırır. Əslində Hindistanın başı ölkədə tüğyan edən pandemiyanın yaratdığı ciddi problemlərə qarışmasaydı, bəlkə də heykəl qalmaqalına sərt reaksiya verilərdi. Çünki ölkənin, xalqın mənəvi liderinin heykəlinin təhqir edilməsi elə birbaşa həmin ölkəyə hücum sayılır.

Doğrudur, eməni millətçiləri Qandini sevməyə bilərlər. Amma faşist Njdeyə heykəl ucaldanların İrəvanda dünyaca məşhur bir siyasi, dini rəhbərin heykəlini sökməyə çalışması olduqca təzadlıdır. Ermənilərin sərsəm iddialarına görə, Hindistan lideri qondarma “erməni soyqırımı”nın baş verməsi faktını inkar edibmiş. Bu səbəbdən xalq arasında vandalların son addımı təqdir edilir.

Erməni cəmiyyətində ciddi rezonans doğuran bu hadisə ilə bağlı fərqli düşünənlər də var. Tanınmış erməni ictimai xadim, QHT rəhbəri İrina Danielyan məsələyə reaksiya verərək deyib ki, Hindistan kimi müttəfiqin liderinə qarşı bu cür sayğısızlıq ancaq hakimiyyətin maraqlarına xidmət edir:

“Düşünmürsünüzmü ki, Qandinin heykəli “türk agentləri” (Ermənistan hakim dairələri-red.) tərəfindən ləkələndi? Hindistan “erməni soyqırımını” tanımaq üzrədir. Qandinin heykəli təsadüfənmi indi ləkələndi? Bu hadisənin təsadüf olduğuna inanırsınız? Bu vandalizm hadisəsini kimin sifariş etdiyini məndən yaxşı bilirsiniz”.

Tanınmış ictimai fəal Edqar Xaçatryan isə belə vəhşi davranışa haqq qazandırmadığını deyib. Onun sözlərinə görə, siyasi qalmaqal iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirməməlidir:

“Hindistanla dərin əlaqələrimiz mövcuddur. Uzun illərdir ki, ermənilər Hindistanda yaşayırlar. Xeyli müddət türklərə dəstək olmuş Mahatma Qandinin, yumşaq dillə desək, ermənilərin dostu olmayan birinin heykəli yandırıldı. Heykələ qarşı vandalizmə haqq qazandıra bilmirəm. Amma Ermənistanda Mahatma Qandinin heykəlini ucaldan adamları da başa düşə bilmirəm. Cənablar, bu qərarı verəndə bədəninizin hansı hissəsi ilə düşünürdünüz? Beyninizlə deməyin, buna inanmıram. İrəvanda erməni-hind dostluğunun rəmzi olacaq bir çox məşhur hindistanlı xadimlər var. Yaxud da sadəcə Ermənistan-Hindistan dostluğunu simvolizə edəcək heykəl qoyula bilərdi. Mahatma Qandinin heykəlinin müəllifi kim idi, niyə məhz Qandi seçildi? Hindistanı güclü və bizə dost olan ölkə hesab edirəm və bu hadisə münasibətlərimizi pozmamalıdır”.

Erməni fəallar, ictimai-siyasi xadimlər hər nə qədər millətçi, vandal davranışı ört-basdır etsələr də, reallıq budur ki, millətçilərin Mahatma Qandiyə bu cür faşist münasibəti bütövlükdə müttəfiqinə - hind xalqına qarşı yönəlib. Qandi Hindistan dövləti və hindlilər üçün misilsiz bir dəyər sayılır. Hindistan azadlıq hərəkatının siyasi və dini lideri olan birinin heykəlinin yandırılması ermənilərin yalnız öz dostlarına qarşı sərgilədikləri münasibəti göstərmədi, ümumilikdə dünya mədəni irsinə, abidə və tarixi məkanlarla vəhşicəsinə davranmalarını bir daha nümayiş etdirdi.

Maraqlıdır ki, qondarma "erməni soyqırımı" məsələsində Ermənistana dəstək verməyə hazırlaşan Hindistan tarixi liderinin təhqir olunmasına niyə münasibət bildirmir?

Tural Tağıyev
Azvision.az


Teqlər: Qandi   Ermənistan   Hindistan  





Xəbər lenti