Buzovna qəsəbəsi yenidən qurulacaq
Müsabiqə proqramının ilk mərhələsi Ramana, Pirşağı və Əmircan qəsəbələrini əhatə edib və iştirakçılarının təklifləri əsasında aprelin 16-da Pirşağı qəsəbəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma tədbirlərinə başlanılıb. Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq.
Görülən işlərə təkan vermək, Abşeronun öz tarixini, qədimliyini və memarlığını qoruyaraq yenidən canlandırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunan memarlıq planlaşdırma həlləri üzrə “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin ikinci mərhələsinə başlayır.
Müsabiqə proqramı bu dəfə Abşeronun şimal şərqində yerləşən və qədim yaşayış məntəqələrindən biri olan Buzovna qəsəbəsini əhatə edəcək. Ümumi mükafat fondu 20 min manat olan müsabiqəyə təqdim olan layihələrdə Buzovna qəsəbəsində estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.
Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il mayın 31-dək qeydiyyatdan keçməli, layihələr isə 2021-ci il iyunun 28-i saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.
Bununla yanaşı, iştirakçılar tərəfindən cari ilin iyulun 5-dən gec olmadan təqdim olunan layihəni izah edən videotəqdimat da [email protected] elektron ünvanına göndərilməlidir. Layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. Layihələr tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur.
Cari ilin iyulun 22-də elan olunacaq nəticələrə əsasən, münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq.
Birinci yerin sahibinə 10 min manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5000 manat və 2-ci dərəcəli diplom veriləcək. 3-cü yerin sahibləri (iki yer) isə hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi də prosesə cəlb olunacaq.
Layihədə maraqlı şəxslər qeydiyyatdan keçmək, habelə müsabiqə tapşırığı, iştirak şərtləri, qaydalar və digər detallarla tanış olmaq üçün bu məqsədlə xüsusi hazırlanmış “Abşeron qəsəbələrinin memarlıq siması” internet səhifəsini (www.absheronsimasi.az) ziyarət etməyə dəvət olunur.
Abşeron yarımadasının özünəməxsusluğunu yaşatmaq və tarixi-memarlıq ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər qəsəbələri də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Azvision.az
Teqlər: Buzovna







Vaxtında, Aydın, Lazımlı!


