Mərhum nazirin sinif yoldaşı: “Azad yıxılsa da, bayrağı əlindən buraxmadı” - FOTOLAR

  Mərhum nazirin sinif yoldaşı:  “Azad yıxılsa da, bayrağı əlindən buraxmadı” -  FOTOLAR
  04 May 2021    Oxunub:38626
"Azad Rəhimov bir dünya idi. O, çox optimist, pozitiv, enerjili insan idi. Kiməsə pis niyyətlə baxmazdı. Mən hesab etmirəm ki, Azad gedib. O, bizimlədir, daim xatirələrimizdə, ürəyimizdə qalacaq".
Bu sözləri Azvision.az -a mərhum gənclər və idman naziri Azad Rəhimovla Səbayil rayonu 134 saylı orta məktəbdə bir sinifdə oxumuş İlahə Balaxanova deyib.

Məktəb illəri, görüşləri barədə danışan İ.Balaxanova Azad Rəhimovun bir qalaktika kimi hər kəsi özünə cəlb etdiyini, birləşdirdiyini qeyd edib.



“İnsanlar həyatın mərhələlərində irəlilədikcə müəyyən dövrü geridə qoyur. Məsələn, məktəb illərini unudur, universitetə daxil olur, yeni dostlar qazanır. Kimlərinsə o dövrlərdən dostları qalır, çoxlarının isə qalmır. Azad dünya idi, onun keçmiş dostları yox idi. O, hər kəsi cəlb edirdi, hər kəslə maraqlanırdı. Uşaqlıqdan belə idi. Bizim yaxın dostumuz deyirdi ki, biz bir-birimizi valideynlərimizdən 7 il az tanıyırıq. Biz 50 ildir ki, dostluq edirdik. Bu illərdə o bizi bir yerə toplayan qüvvə idi. Azad uşaqlıq illərindən lider idi, hər kəsə qarşı məsuliyyət hiss edirdi.

Bir dəfə sinif yoldaşımızın ad gününə getmişdik. Orada oyun oynayırdıq, Azad hədiyyə qazandı və bu hədiyyədən yalnız bir ədəd var idi. Başqa sinif yoldaşımız da belə hədiyyə istəyirdi, Azad dinməz-söyləməz hədiyyəsini ona verdi. O, bütün həyatı boyu belə xarakterli olub. Kimliyindən asılı olmayaraq insanların kədərinə, pis gününə laqeyd qala bilməzdi. Azad çox ürəyiaçıq, yaxşılıq edən insan idi. Məktəbdə oğlanlar dalaşardırsa, onları barışdırardı. Bir sözlə, unikal insan idi”.



Sinif yoldaşı Azad Rəhimovun gənclik çağlarından yaraşıqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, məktəbdə bir çox qızlar ona aşiq idi:

“Onun xüsusiyyətləri hər kəsi özünə heyran edirdi, çox insan onu sevirdi. O, bizim hamımızdan tez evləndi. Universitetin birinci kursunda Zülfiyyə xanıma aşiq oldu, onunla ailə həyatı qurdu və hamımızdan tez övladı dünyaya gəldi. Kaş Azad bizdən belə tez getməzdi. Allah Zülfiyyə xanıma səbr versin”.



Azad Rəhimovun ölümü ilə barışa bilmədiyini deyən İ.Balaxanova sonuncu dəfə ondan aprelin 19-da mesaj aldığını bildirib.

“Bizim əlaqələrimiz kimin hara getməyindən asılı olmayaraq davam edirdi. Biz hər zaman danışırdıq, mesajlaşırdıq. Sonuncu dəfə ondan aprelin 19-da mesaj aldıq. O, ruhunun gümrah olduğunu demişdi. Hər nə olursa olsun gümrahlığını saxlamışdı.



Azad sinifdə komsomol lideri idi. Sovet dönəmində “Şahinlər” hərbi vətənpərvərlik oyunu keçirilirdi. Azad bizim briqadanın bayraqdarı idi. Həmin gün hava çox isti idi. Günəş şualarından Azad huşunu itirdi. O yıxılsa da, bayrağı əlindən buraxmadı. Uzanmışdı, amma bayrağı başı üstündə tuturdu. Bu, ona xas hərəkət idi, Azad belə vətənpərvər idi. Bayrağına, vətəninə həssas yanaşırdı. Hər idmançımızın qələbəsində, himnimiz səslənəndə onun gözlərində sevinc yaşları olurdu.

Lider ictimai fəaliyyəti özündə birləşdirir. Bu fəaliyyəti bir yana, Azad kimə qardaş, kimə dost, kimə ata idi. Onun güclü enerjisi var idi. Harada və hansı peşədə olmasından asılı olmayaraq, Azadın hamıya dayaq olacağı bəlli idi.

O idmançı idi, idmanla məşğul idi. Azad dövlət vəzifəsinə təyin olunanda heç kim təəccüblənmədi. Çünki bu vəzifəyə layiq idi. Azadın 80 yaşı da olsaydı, onun ürəyi hər zaman gənc qalacaqdı”.



Azad Rəhimov nazir olandan sonra da əlaqələrinin davam etdiyini deyən İlahə Balaxanova söyləyib ki, sinif yoldaşlarının hər zaman yaxşı münasibətləri olub.

“Biz uşaqlığımız, məktəb illərimiz haqqında daim danışırdıq. Digər tərəfdən bizim o illəri xatırlamağa ehtiyacımız yox idi. Çünki tez-tez bir-birimizlə görüşürdük. Biz bir-birimizin xatirəsi idik. Hər zaman xoş münasibətlərimiz olub. Mən bunu bütün dostlarımız, sinif yoldaşlarımızın adından deyirəm.

Bu gün Azad üçün Avstraliya, İsrail, Amerika, Rusiyada, dünyanın müxtəlif yerlərində yaşayan, bizimlə oxuyan şəxslər ağlayır və kədərlənir. Azad Rəhimov ürəklərdə nur kimi qalacaq. Sinif yoldaşlarımıza deyirəm ki, biz Azadı göz yaşlarımızla deyil, təbəssümlə yad etməliyik”.



Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.







Aytən Zəhra
Azvision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti