“AstraZeneca” peyvəndinin yan təsiri yoxdur” - AÇIQLAMA

  04 May 2021    Oxunub : 1941
 “AstraZeneca” peyvəndinin yan təsiri yoxdur” -  AÇIQLAMA
Dünəndən Azərbaycanda İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria” vaksininin (İstehsalçı şirkət “AstraZeneca“) tətbiqinə başlanılıb. Bu vaksin ilk mərhələdə 60 yaş və daha yuxarı şəxslərə vurulur.
“Abşeron rayon Mərkəzi Xəstəxanası“ Publik hüquqi şəxsin direktoru Mehriban Qaralova Azvision.az -a açıqlamasında bildirib ki, iki gün ərzində yeni peyvənd vurulan şəxslərdə əlavə yan təsirlər müşahidə edilməyib.

“Dünəndən "Vaxzevria” vaksini ilə əhalinin peyvəndləşməsi aparılır. Əhali arasında geniş maarifləndirmə işləri həyata keçirilir və mövcud xəstəlikdən qorunmağın yeganə yolunun vaksinasiya olması izah edilir. İnsanlar böyük inamla vaksinasiya məntəqələrinə müraciət edirlər. İki gün ərzində tətbiq olunan "Vaxzevria” vaksinin yan təsirləri qeydə alınmayb. İnsanlar gəlirlər və peyvəndə maraq böyükdür".

M.Zeynalova qeyd edib ki, daha çox xroniki xəstəlikləri, risk qrupunda olan şəxslərə peyvəndin vurulması nəzərdə tutulur:

“İki gün ərzində aparılan müşahidələrə əsasən, yeni peyvənd yumşaq vaksindir və bu müddətdə heç bir yan effekti qeydə alınmayıb. Daha çox şəxsin vaksinasiyaya cəlb edilməsi koronavirusla mübarizədə öz effektini verəcək. Vaksin vurulan şəxsləri yarım saat məntəqədə nəzarətdə saxlayırıq. Dünən vaksin olunanların hər biri ilə əlaqə saxlamışıq və özlərini yaxşı hiss etdiklərini bildiriblər”.

Xatırladaq ki, “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunur. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

“COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir. “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Vaksinasiya   AstraZeneca