“Prezidentin humanist addımını Ermənistanla yanaşı Rusiya da qiymətləndirməlidir” - Politoloq

 “Prezidentin humanist addımını Ermənistanla yanaşı Rusiya da qiymətləndirməlidir” -  Politoloq
  05 May 2021    Oxunub:3089
Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq üç erməni hərbçi ölkəsinə qaytarılıb. İrəvana göndərilən hərbçilər Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır. Onlar 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilərək saxlanılmışdılar.
Sərbəst buraxılan erməni hərbçilər Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan aviareysi ilə yola salınıb. Məlumata görə, araşdırma zamanı onların Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakları təsdiqlənməyib.

Maraqlıdır ki, Azərbaycan indiyədək humanistlik nümayiş etdirərək xeyli sayda mülki ermənini və hərbçini ölkəsinə qaytarıb. Ermənistan isə bunun əksinə olaraq, işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bundan savayı, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə informasiya verməkdən yayınır. İrəvan, eyni zamanda Birinci Qarabağ müharibəsində əsir götürülmüş Azərbaycan vətəndaşları barədə məlumatları gizlədir.

Erməni hərbçilər niyə sərbəst buraxıldı?

Politoloq İlqar Vəlizadə Azvision.az-a bildirib ki, artıq münaqişə yekunlaşdığı üçün İrəvan 90-cı illərdən qalmış bir sıra ciddi problemlərin həllində müsbət rol oynamağı bacarmalıdır. Ermənistan eyni zamanda Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı barədə Bakıya məlumat verməlidir:

“Hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfəri gündəmdədir. Lavrov əvvəlcə Ermənistan paytaxtında olacaq, daha sonra Bakıya səfər edəcək. Zənnimcə, bu təmaslarda müzakirələrin əsas mövzularından biri müharibədən sonra Azərbaycan ərazisində təxribatlar törətmiş terrorçular olacaq. Çünki Rusiya xarici işlər naziri Ermənistanda “hərbi əsir” mövzusunda müəyyən təzyiqlər, tələblərlə üzləşəcək. Yəni Lavrovdan tələb edəcəklər ki, o, Bakıda olarkən dırnaqarası hərbi əsirlər məsələsini Azərbaycan rəhbərliyi qarşısında qaldırsın, bəlkə Azərbaycan terrorçuları qarşı tərəfə təhvil verər. Amma bizim mövqeyimiz hər kəsə bəllidir. Bu məsədə spekulyasiya etməyə imkan verməyəcəyik. O cümlədən, səfər çərçivəsində spekulyativ addımlara şərait yaradılmayacaq”.

Politoloq hesab edir ki, əslində Lavrovun regiona səfəri zamanı müzakirə ediləcək əsas mövzu postmüharibə dövründə təxribatçı əməllərinə görə saxlanılmış terrorçuların azad edilməsi məsələsi deyil, məlum üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsi olacaq. Regionda sülhün təmin olunmasından tutmuş, qarşıdakı illərdə bölgənin iqtisadi durumunu dəyişəcək Zəngəzur dəhlizinə qədər olan böyük plan və layihələr əsas müzakirə mövzusudur.

“Belə bir mühüm səfər ərəfəsində Azərbaycan Prezidentinin nümayiş etdirdiyi jest, atdığı humanist addım onu göstərir ki, əgər erməni tərəfi konstruktiv mövqe sərgiləyərsə, 10 noyabr bəyanatından irəli gələn məsələlərin həllinə səylər göstərərsə, əlbəttə ki, Azərbaycan da qarşı tərəfin maraqlarına uyğun müəyyən addımlar ata bilər. Amma İrəvan yüksək təminatla boynuna bəzi öhdəliklər götürməlidir. Yəni ermənilər bir də buna bənzər təxribatçı gedişlərə yol verməyəcəklərinə zəmanət verməlidirlər. Əslində Prezident İlham Əliyevin bu humanist addımı Ermənistanla yanaşı Rusiya tərəfindən də qiymətləndirilməlidir. Çünki belə xoşməramlı siyasi gediş doğrudan da indiki həssas məqamda mühüm humanist addımdır. Ancaq təəssüflər olsun təcrübə bizə başqa şeyi deyir. Azərbaycan tarixdə ermənilərə qarşı bir neçə dəfə xoşməramlı addım atıb. Erməni tərəfi buna adekvat cavab verməyib. Düşünürəm ki, Moskva 3 erməni “əsir”in geri qaytarılması məsələsini İrəvana başa salacaq ki, baxın Azərbaycan artıq bu yöndə humanist addımlar atmağa başlayıb. İndi növbə sizindir. Sizdən tələb olunur ki, üçtərəfli sazişdən irəli gələn məsələlərə ciddi yanaşasınız.

Yeri gəlmişkən, ölkə başçısının bu xoş davranışı həm də ona hesablanıb ki, biz humanist addım atırıqsa, qismən də olsa təxribatçıları təhvil veririksə, qarşı tərəf mina xəritələrini üzə çıxarmalıdır. Çünki bu xəritələr təhvil verilmədən dayanıqlı sülh, stabillik mümkün deyil. Məncə, ermənilərin indiki həssas dövrdə geri qaytarılması çox uğurlu addımdır. Lavrovun səfəri öncəsi bu cür jest vacib idi. Növbə Rusiya XİN rəhbərinindir. İndi o, erməni həmkarına rahat şəkildə deyə bilər ki, Bakı sizin marağınızda olan addımı atmağa başlayıb, siz də mina xəritələrinin təqdim edilməsi istiqamətində müəyyən tədbirlər görməlisiniz ki, proseslər konstruktiv məcrada inkişaf etsin”.

İlqar Vəlizadənin sözlərinə görə, əslində Ermənistan rəhbərliyi yalnız mina xəritələri məsələsində deyil, digər mühüm problemlərdə də müsbət davranış sərgiləyə bilər. Məsələn, İrəvan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı haqqında bilgiləri bizimlə bölüşə bilər:

“Münaqişə yekunlaşdığı üçün əslində bütün mübahisəli və narazılıq doğuran problemlər həllini tapmalıdır. 30 il ərzində ermənilər bizim qanuni və tarixi torpaqlarımızda istədiklərini ediblər. İndi biz münaqişə gündəliyini tam bağlamaq, dayanıqlı sülhü təmin etmək istəyiriksə, bütün anlaşılmazlıqlar yoluna qoyulmalıdır. Ona görə də nəinki mina xəritələri və itkin azərbaycanlılar haqqında olan bilgilər, digər problemlər də aradan qalxmasa, təəssüflər olsun ki, regionda dayanıqlı sülh omayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: İrəvan   Əsir   Lavrov   Bakı   Mina-xəritəsi   İtkin  





Xəbər lenti