Türkiyə Azərbaycana daha 13 MEMATT verəcək

 Türkiyə Azərbaycana daha 13 MEMATT verəcək
  05 May 2021    Oxunub:2142
Türkiyədən Azərbaycana daha beş ədəd MEMATT minatəmizləmə avadanlığı gətirilib. Bu ilin fevral ayında ilk olaraq 2 ədəd MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) ölkəmizə çatdırılmışdı.
Azvision.az -ın məlumatına görə, bu günə qədər Türkiyənin ASFAT şirkəti tərəfindən ölkəmizə göndərilən mexaniki minatəmizləmə maşınlarının sayı 7-yə çatıb. Adıçəkilən şirkət imzalanmış müqaviləyə əsasən, Azərbaycana ümumilikdə 20 ədəd MEMATT ixrac edəcək.



Yeni alınan texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb olunur.

Üstünlüklərinə gəlincə, 500 metr məsafədən idarə olunan MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) saatda 4 km sürətlə hərəkət edir. Torpağın 25 sm dərinliyinə enərək təmizləmə işləri apara bilən bu texnika 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir. Ümumi çəkisi 12 560 kq, uzunluğu isə 6600 mm-dən çoxdur. Dizellə işləyən MEMATT-ın yanacaq tutumu 290 litrdir.



Mexanika Mina Təmizləmə Təchizatı uzaqdan idarə olunan, zəncirvari və parçalayıcı aparatlardan istifadə edə bilən yüngül sinif avadanlıqdır. Bənzərsiz dizaynla hazırlanan avadanlıq, piyada əleyhinə minaları zərərsizləşdirmək üçün istifadə olunur. Texnika balistik zirehlə gücləndirilmiş gövdəsi və aparatı sayəsində hər cür ərazidə müvəffəqiyyətlə işləmə qabiliyyətinə sahibdir. MEMATT sahə performansı, sürətli hissənin dəyişdirilməsi və çoxsaylı aparatın istifadəsi baxımından bir çox üstünlüklərə malikdir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   MEMATT   Minatəmizləmə  





Xəbər lenti