“Ermənistan məqsədli şəkildə mina xəritələrini vermək istəmir” - Korotçenko

 “Ermənistan məqsədli şəkildə mina xəritələrini vermək istəmir” -   Korotçenko
  05 May 2021    Oxunub:2806
“Ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri barbarlıqdan da pisdir”.
Azvision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. O, Ağdam və digər işğaldan azad olunmuş ərazilərdə gördüyü mənzərəni insanlıq tarixində yolverilməz hadisə kimi qiymətləndirib:

“Şəxsən Ağdamda və Füzulidə olarkən bu şəhərlərin görüntüləri mənim xəyalımda Xirosima və Naqasakinin dağıntı miqyasını canlandırırdı. Amma bu 1945-ci ildə olmuşdu. ABŞ-ın atdığı atom bombası Yaponiyanın iki şəhərinin yerlə-yeksan olunmasına gətirib çıxarmışdı. İllər sonra Ermənistan Ağdam, Füzuli şəhərlərini, eləcə də işğal etdiyi digər ərazilərin böyük bir hissəsini kütləvi şəkildə məhv etdi. Bu ərazilərdə də atom bombasının atılmasından sonra yaranan vəziyyətə bənzər mənzərə ilə qarşılaşırıq. Lakin bu, atom bombası deyil. Bu, ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı bəslədikləri nifrət bombasıdır”.

Korotçenkonun sözlərinə görə, ermənilər əsl barbarlar kimi işğal etdikləri ərazilərdə hər şeyi məhv ediblər. Onların bu əməli hərbi cinayətdir:

“Bu, həm də insanlığa qarşı edilmiş cinayətdir. Ermənistanın məlum hadisələrdə iştirak edən hərbi-siyasi rəhbərliyi beynəlxalq hərbi cinayətkarlardır. Mən, ümumiyyətlə Ermənistanın hərbi-siyasi rəhbərliyinin gecə saatlarında insanlara operativ taktiki raket komplekslərindən endirdikləri zərbələr də daxil olmaqla, həm birinci, həm də ikinci Qarabağ müharibəsində törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmasının tərəfdarıyam. Bu, vandalizmi bağışlamaq olmaz. Şahidi olduqlarımız məni və həmkarlarımı olduqca sarsıtdı. Hazırda əsas problem müharibə bitdikdən sonra minalanmış ərazilərin xəritəsinin verilməməsidir. Müharibədə məğlub olan Ermənistandan geriyə yüzlərlə kvadrat kilometr minalanmış ərazi qalıb. Orada hər növ mina var -tank, piyada əleyhinə, bərpa olunmayan minalar, tələ minaları. Ermənistan ümid edirdi ki, onlar hərbi əməliyyatlar bitdikdən sonra da Azərbaycan vətəndaşlarını öldürə, şikəst edə biləcəklər. Bu gün belə hadisələr baş verir, biz azərbaycanlıların minalara düşərək zərər çəkməsi faktlarının şahidi olmuşuq. Bu qlobal və humanitar problemdir”.

Ekspertin fikrincə, Ermənistan məqsədli şəkildə minalanmış ərazilərin xəritələrini vermək istəmir. İrəvan bu məsələ barədə konstruktiv danışıqlara getmir:

“Məncə, bunu BMT Təhlükəsizlik Şurasında səsverməyə qoymaq lazımdır ki, beynəlxalq ictimaiyyət Ermənistanı minalanmış ərazilərin xəritəsini vermədiyi üçün qınasın. Çünki bu artıq Cənubi Qafqazı əhatə edən qlobal problemdir. Düşünürəm ki, Rusiya, eləcə də digər böyük güclər İrəvana bu məsələdə təzyiq göstərməlidir. Görünən odur ki, Fransa bu məsələ ilə bağlı susur. O Fransa ki, Azərbaycana guya insan hüquqlarını öyrətməyə çalışır, hansısa problemin olduğunu bildirir. Amma Ermənistana minalanmış ərazilərin xəritələrini verməməsi ilə bağlı heç bir söz demir. Bu, artıq beynəlxalq xarakterli problemdir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Mina-xəritəsi   Fransa   Barbar  





Xəbər lenti