Baş prokuror videokonfrans formatında iclasda iştirak edib

Baş prokuror videokonfrans formatında iclasda iştirak edib
  05 May 2021    Oxunub:2042
Ölkə prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, cari ilin 4-5 may tarixlərində Niderlandın Haaqa şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin videokonfrans formatında 51-ci iclası keçirilib.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir zamanı Assosiasiyanın İcraiyyə Komitəsinə yeni üzvlərin qəbulunun həyata keçirilməsi ilə yanaşı, dünya prokurorlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair bir sıra təşkilati məsələ və sənədlər müzakirə edilmiş, o cümlədən prokurorluq orqanları əməkdaşlarının transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində müvafiq bilik və təcrübələrinin artırılması məqsədi ilə qurumlararası əməkdaş mübadiləsini nəzərdə tutan proqramın gələcək imkanları nəzərdən keçirilib.



İclasda çıxış edən Baş Prokuror Kamran Əliyev tərəfindən 2024-cü ilin sentyabr ayında BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakı şəhərində keçirilməsinə dair ilkin təklif irəli sürülüb.

Təkliflə bağlı iclasda geniş təqdimatla çıxış edən Baş prokuror dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən paytaxt Bakıda həyata keçirilən dayanıqlı sosial-iqtisadi tədbirlər nəticəsində infrastrukturun ən yüksək standartlar səviyyəsinə çatdırılması, nəticədə Azərbaycanın son illər bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyəli ev sahibliyi etməsi və bu sahədə əldə etdiyi zəngin təcrübə barədə məlumat verib.

Müzakirə edilən məsələ ilə əlaqədar iclasda çıxış edən qurumun rəhbər şəxsləri Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulamaqla, BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirilməsi barədə qərar yekdilliklə qəbul edilib.

İclasda Assosiasiyanın İcraiyyə Komitəsinin digər təşkilatı məsələləri də müzakirə olunub.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti