Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb

Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb
  06 May 2021    Oxunub:3268
Mayın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən Azvision.az -a bildirilib ki, spiker qonaqları səmimi salamlayaraq bildirib ki, Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir. Bu dostluq çoxəsirlik tarixə malikdir. Xalqlarımız əsrlər boyu bir-birinə dəstək olub. Azərbaycanda çoxlu sayda gürcülər, Gürcüstanda isə azərbaycanlılar yaşayır. Onlar cəmiyyətlərimizin ayrılmaz hissəsidir və ölkələrimiz arasında bir körpü rolu oynayırlar. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri hökm sürür.

Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu ölkə Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri buna parlaq misaldır.

Söhbətdə Sahibə Qafarova vurğulayıb ki, ölkələrimiz parlamentlər səviyyəsində də təqdirəlayiq əməkdaşlıq edirlər. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərir. Əməkdaşlığımız ikitərəfli və çoxtərəfli əsasdadır və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər.

Görüşdə Milli Məclisin Sədri Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərdiyi dəstəyə görə öz adından və Milli Məclisin deputatları adından Gürcüstan hökumətinə minnətdarlığını ifadə edib. Bildirilib ki, “Dağlıq Qarabağ münaqişəsi” artıq tarixə qovuşub. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu münaqişəni özü həll edib. Bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Artıq ölkəmiz azad edilmiş əraziləri bərpa edir, yenidən qurur. Lakin Ermənistan yenə də öz təcavüzkar siyasətindən əl çəkmir. Minalanmış ərazilərin xəritələrini təqdim etmir. Bu isə çoxlu sayda hərbçilərin və mülki şəxslərin həlak olmasına səbəb olur. Bununla Ermənistan bərpa işlərinə və məcburi köçkünlərin geri qayıtması prosesinə mane olmağa çalışır. Ermənistanın bu davranışı bölgənin inkişafı üçün böyük təhlükədir.

Səmimi görüş üçün minnətdarlığını bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Qonaq bildirib ki, o, Azərbaycanı özünə doğma ölkə hesab edir. “Gürcüstan Azərbaycanın dostudur və gələcəkdə də dost olaraq qalacaq”, - deyən İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu dilə gətirib.

Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin daha da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir.

Qəbulda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Arzu Nağıyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin səfirləri Faiq Quliyev, Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Azvision.az


Teqlər:





Xəbər lenti