Bayden və Putin Bakıda görüşə bilər

 Bayden və Putin Bakıda görüşə bilər
  06 May 2021    Oxunub:3695
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü Azərbaycanda baş tuta bilər.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat yayıb.

Birləşmiş Ştatların sabiq rəsmiləri və ekspertlər mümkün görüş yerləri kimi İsveçrə, Finlandiya, Avstriya, Çexiya və Azərbaycanın adını çəkiblər. Ekspertlərin fikrincə, prezidentlərin görüşü paytaxt Reykyavik, Praqa, Lyublyan və Bakıda keçirilə bilər.

“Politico” hesab edir ki, Helsinki zirvə üçün seçilməyəcək:

"Orada 2018-ci ildə Putin və ABŞ-ın ovaxtki prezidenti Donald Tramp arasında keçirilən görüşdə baş verənlər nəzərə alınsa, bu şəhərdə görüş Baydenə "Trampın səhvini" düzəltmək üçün bir şans verə bilər. Ancaq ABŞ rəsmiləri bunu istisna edirlər. İslandiyaya gəlincə, hesab olunur ki, oraya çatmaq digər ölkələrlə müqayisədə daha çətindir. Bundan əlavə, İslandiya NATO-nun üzvüdür və indi Reykyavik yaxınlığında vulkan püskürür. 1986-cı ildə Mixail Qorbaçovla Ronald Reyqan İslandiyada görüşüblər".

Məlumatda, həmçinin qeyd olunub ki, Bakı həm Rusiya, həm də ABŞ üçün yaxşı variant olar. Nəzərə almaq lazımdır ki, Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətləri var: "Lakin bu görüş Qarabağ müharibəsinə görə, Ermənistanı narazı sala bilər".

Praqada prezidentlər Dmitri Medvedev və Barak Obamanın görüşünü xatırladan nəşr, Çexiya səlahiyyətlilərinin bir müddət əvvəl belə təklif etdiklərini, ancaq son qalmaqaldan sonra bu dəvətin qüvvədə ola bilməyəcəyini yazıb.

ABŞ-ın adı açıqlanmayan rəsmi nümayəndəsi nəşrə bildirib ki, Putin görüşün keçiriləcəyi yerdən o qədər də narahat deyil. Məlumata görə, Putin NATO və Avropa İttifaqı ölkələrinin onun səfərindən narahat olduğunu izləməyi sevir.

Xatırladaq ki, Bayden Putinə aprelin ortalarında telefon danışığı zamanı görüşməyi təklif edib. Amerika Prezidenti görüşün iyun ayında Avropada baş tutacağına ümid edir. Ağ Ev rəhbərliyi görüş yeri olaraq üçüncü bir ölkəni təklif eib.

Bundan əvvəl isə ABŞ-ın dövlət katibi Entoni Blinken Vladimir Putin və Co Bayden arasındakı mümkün görüşün hər iki ölkəyə fayda gətirəcəyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   Bayden  





Xəbər lenti