Bayden və Putin Bakıya gəlir? - ŞƏRH

Bayden və Putin Bakıya gəlir? -  ŞƏRH
  06 May 2021    Oxunub:9038
ABŞ-ın nüfuzlu “Politico”nəşri Rusiya və Amerika prezidentləri Vladimir Putinlə Co Baydenin görüşünün keçiriləcəyi potensial ölkələrin adını açıqlayıb.
Maraqlıdır ki, nəşr beş ölkə ilə yanaşı Azərbaycanın da adını hallandırıb. Siyahıda mümkün görüş yerləri kimi İsveçrə, İslandiya, Finlandiya, Avstriya, Çexiya və Azərbaycanın adı çəkilib. Ekspertlərin fikrincə, prezidentlərin görüşü paytaxt Reykyavik, Praqa, Lyublyana və Bakıda keçirilə bilər.

“Politico” hesab edir ki, Helsinki zirvə üçün seçilməyəcək: "Orada 2018-ci ildə Putin və ABŞ-ın ovaxtki prezidenti Donald Tramp arasında keçirilən görüşdə baş verənlər nəzərə alınsa, bu şəhərdə görüş Baydenə "Trampın səhvini" düzəltmək üçün bir şans verə bilər. Ancaq ABŞ rəsmiləri bunu istisna edirlər. İslandiyaya gəlincə, hesab olunur ki, oraya çatmaq digər ölkələrlə müqayisədə daha çətindir. Bundan əlavə, İslandiya NATO-nun üzvüdür və indi Reykyavik yaxınlığında vulkan püskürür. 1986-cı ildə Mixail Qorbaçovla Ronald Reyqan İslandiyada görüşüblər".



Məlumatda, həmçinin qeyd olunub ki, Bakı həm Rusiya, həm də ABŞ üçün yaxşı variant olar. Nəzərə almaq lazımdır ki, Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətləri var.

ABŞ-ın adı açıqlanmayan rəsmi nümayəndəsi nəşrə bildirib ki, Putin görüşün keçiriləcəyi yerdən o qədər də narahat deyil. Məlumata görə, Putin NATO və Avropa İttifaqı ölkələrinin onun səfərindən narahat olduğunu izləməyi sevir.

Məlumat üçün bildirək ki, Bayden Putinə aprelin ortalarında telefon danışığı zamanı görüşməyi təklif edib. Amerika Prezidenti görüşün iyun ayında Avropada baş tutacağına ümid edir. Ağ Ev rəhbərliyi görüş yeri olaraq üçüncü bir ölkəni təklif edib. Bundan əvvəl isə ABŞ-ın dövlət katibi Entoni Blinken Vladimir Putin və Co Bayden arasındakı mümkün görüşün hər iki ölkəyə fayda gətirəcəyini söyləyib.

Onu da xatırladaq ki, dəfələrlə ABŞ və Rusiya Baş Qərargah rəisləri Bakıda görüş keçiriblər. Azərbaycan bu kimi təmasların qurulması üçün bir neçə dəfə uğurlu məkan olaraq seçilib.

Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyir ki, ölkəmizin adının beş dövlət ilə yanaşı çəkilməsinin özü belə mühüm amil sayılmalıdır. Azərbaycanın bütün dünyanın izlədiyi bu prosesə-Bayden-Putin görüşünə ev sahibliyi etməsi tarixi hadisə olar.

“Dünyada xeyli sayda ölkə var. Bu məsələdə cəmi altı dövlətin adı hallanıb ki, onlarla bərabər siyahıda potensial namizəd kimi Azərbaycanın da adı keçir. Məncə, Bakının iki super gücün liderinin görüşməsi üçün məkan olaraq seçilməsi şansı çox yüksəkdir. Çünki indiyə kimi Azərbaycan paytaxtında ABŞ hərbi rəhbərliyi ilə Rusiya hərb rəhbərləri arasında 3 mühüm görüş olub. Bu, Azərbaycanın şansını artıran səbəbdir. Digər mühüm səbəblərdən biri Bakının artıq beynəlxalq görüşlərin keçirildiyi mühüm mərkəzə çevrilməsidir. Burada müxtəlif humanitar tədbirlər, beynəlxalq forumlar, dinlərarası dialoqa dair görüşlər keçirilir. Bakı prosesi deyilən bir proses var ki, bu da artıq on ilə yaxındır paytaxtımızı beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevirib. Bir sözlə, Azərbaycan nəinki regionda, ümumən Avropada mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzdir”.

Qabil Hüseynli Azərbaycanın neytral ölkə kimi tanınmasını şansımızı artıran səbəblərdən biri kimi göstərib:

“Qoşulmama Hərəkatına sədrlik bizdədir. Beynəlxalq münasibətlərdə aktiv rol oynamağa başlamışıq və ABŞ-ın nüfuzlu nəşrində adı çəkilən digər beş ölkə ilə müqayisədə daha tərəfsiz mövqe sərgiləyirik. Bu nöqteyi-nəzərdən Bakının şansları az deyil. Belə bir mühüm və tarixi görüşün, tədbirin Azərbaycan paytaxtında keçirilməsi həm Rusiyanın, həm də ABŞ-ın maraqlarına uyğun ola bilər”.



Politoloq onu da qeyd edib ki, əgər Baydenlə Putinin seçimi Bakı olsa, bu, Azərbaycan üçün yüksək avantaj vəd edəcək. Çünki dünyanın diqqəti ölkəmizə yönələcək, Azərbaycan etibarlı və neytral dövlət imicini daha da artırmış olacaq:

“Əlbəttə, Bakı tarixi görüş üçün məkan seçilsə, bu, bizim üçün çox böyük avantaj verə bilər. Amerikanın yeni seçilmiş prezidenti ölkəmizə gəlir, Azərbaycan prezidenti onu və Rusiya liderini qarşılayacaq, həm də müəyyən məsləhətləşmələr də aparacaqlar. İki dünya gücü sayılan ölkənin liderlərinin müzakirə edəcəyi məsələlər içərisində bizi narahat edən regional problemlər də ola bilər. Şübhəsiz ki, Gürcüstan da daxil olmaqla bölgədəki vəziyyət müzakirə olunacaq problemlərdən olar. Bu mənada Bakı iki ölkə üçün əlverişli görüş yeri olacaq və regional problemlər də masada qalacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Politoloq   Bayden   Putin   Bakı   Görüş  





Xəbər lenti