46 yaşlı xidmət rəisi: Eynullayevin karyera yüksəlişi - DOSYE

  46 yaşlı xidmət rəisi:  Eynullayevin karyera yüksəlişi -  DOSYE
  06 May 2021    Oxunub:13670
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
Azvision.az -ın məlumatına görə, Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

2013-2016-cı illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb.

Prezidentin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət qulluğunun kiçik müşaviridir.

Dövlət başçısının 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

Bundan əlavə, Prezidentin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin olunub. M.Eynullayev 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

Həmçinin, Prezident İlham Əliyevin ötən il avqustun 19-da imzaladığı sərəncamla Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əmlak   Xidmət   Mətin-Eynullayev  





Xəbər lenti