Türkiyədən Latviyaya etiraz: “Soyqırım” qərarını rədd edirik

Türkiyədən Latviyaya etiraz: “Soyqırım” qərarını rədd edirik
  06 May 2021    Oxunub:3586
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Latviya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərara etirazını bildirib.
Azvision.az -ın məlumatına görə, XİN-in yaydığı açıqlamada qeyd olunub ki, Latviya parlamentində bu gün 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan qərarın qəbul edilməsi tarixin siyasi motivlərlə yenidən yazılması üçün mənasız cəhddir.

“Bu uğursuz və hüquqi qüvvəsi olmayan qərarı rədd edirik və şiddətlə qınayırıq. Parlamentlər tarix yazmaq və mühakimə etmək məkanı deyil. 1915-ci il hadisələri ilə əlaqədar beynəlxalq hüquqda tələb olunan şərtlərin heç biri mövcud deyildi. Bu təşəbbüs 1948-ci il Soyqırımın qarşısının alınması və cəzalandırılması Konvensiyasının müddəalarına, habelə, 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən Avropa İnsan Haqları Məhkəməsinin 2013-cü və 2015-ci il qərarlarına ziddir", - açıqlamada deyilir.

Qeyd edilib ki, sözügedən qərar Latviyanın işğalının 80-ci ildönümü münasibətilə öz tarixindəki hadisələrlə əlaqədar verdiyi - tarixi hadisələrə vicdanlı və ədalətli yanaşmanın beynəlxalq münasibətlərin ilkin şərtlərindən biri olması barədə açıqlaması ilə ziddiyyət təşkil edir.

"Latviya parlamentini səhv addımdan geri dönməyə və tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə, bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc yanaşı yaşamaq praktikasını qurma səylərini dəstəkləməyə dəvət edirik".

Qeyd edək ki, bu gün Latviya Seymi (parlament-red) qondarma “erməni soyqırımı”nı tanıyıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: TürkiyəXİN  





Xəbər lenti