“Ermənilərin törətdiyi cinayətlər barədə əlimizdə sənədlər var” - Tarixçi alim

  06 May 2021    Oxunub :3042
“Ermənilərin törətdiyi cinayətlər barədə əlimizdə sənədlər var” -  Tarixçi alim
Ermənilər hər zaman göz yaşı tökərək, rəhm dilənərək başqalarından torpaq əldə edib, orada məskunlaşıblar. İmkan olan kimi insanlığa qarşı ən ağır cinayətlərə əl atıblar. Dünyanın din xadimlərindən fərqli olaraq erməni din xadimləri insanları öldürmək qərarı veriblər. Biz dəfələrlə bunun şahidi olmuşuq.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov deyib. O bildirib ki, ermənilərin 1905-1906-ci, 1918-1920-ci illər və 1991-ci ildən sonra azərbaycanlılara qarşı törətdikləri cinayətlər dünyanın heç bir ölkəsində təkrarlanmayıb.

“Dünyada bizdən çox soyqırıma məruz qalan olmayıb. Ermənilərin etdiyi vəhşiliklər heç bir millətin ağlına gəlməz. Zori Balayanı deyir ki: “13 yaşlı türk qızının dərisini soydum. O qan itirməklə canını tapşırdı. Bu həyatımın xoş dəqiqələri idi”. Belə mövzuda dünyanın heç bir faşisti xatirə yazmayıb, yaza da bilməz. Qaregin Njde öz xatirələrində yazır: “19-cu ilin dekabrında Araz çayı üzərində qərargahımı qurdum. Soyuq bir gün idi, Naxçıvandan əsir gətirirdilər, içərilərində uşaq varmı, deyə soruşdum. Dedilər var. 6 uşağı analarının qucağından aldılar, Araza atdılar. Uşaqların naləsi mənə ləzzət etdi”. Belə faşist ideoloqu ilə erməni gəncliyi fəxr edir, ona heykəl qoyulur.

İnsanlığa yaraşmayan düşüncəyə sahib millətlə qonşu olsaq da, bizlərlə onlar arasında yerlə göy qədər fərq var. Biz hər zaman xeyirxahlığımız ilə öyünmüşük. Azərbaycanın dövlət başçısının humanist siyasəti nəticəsində 3 erməni hərbçi ölkəsinə qaytarıldı. Bu ondan xəbər verir ki, biz xalq olaraq hər zaman humanizm nümayiş etdirmişik”.

A.İsgəndorv onu da qeyd edib ki, tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər unudulmur və gələcəkdə də yaddan çıxmayacaq.

“44 günlük Vətən müharibəsi dövründə ermənilərin etdiyi cinayətlərin hər biri barədə hüquq mühafizə orqanları tərəfindən cinayət işi açıldı. 1918-1920-ci illərdə bizə qarşı törədilən soyqırımda nə qədər azərbaycanlının öldürülməsini, I və II Qarabağ müharibəsində erməni cinayətlərini dünyaya bəyan edəcəyik. Bütün sənədlər əlimizdə var.

Erməniləri bu torpaqlara biz gətirməmişik. Çar Rusiyası özünə dayaq yaratmaq üçün həm İran, həm də Osmanlı ərazisindən erməniləri bura gətirdi. Onlar burada təkcə demoqrafik vəziyyəti pozmadılar, xalqımız üçün qara yara, bəla gətirdilər. Ermənilərin bu əraziyə gəlişindən sonra Azərbaycan əhalisinə, müsəlmanlara qarşı soyqırım başladı. Qərbi Azərbaycan deyilən ərazidə ümumiyyətlə erməni toponimləri yoxdur. Bunu bütün dünya bilir. Təəssüflər olsun ki, dünya onları müdafiə etdi, onlar da azərbaycanlılara qarşı soyqırım, 1948-53-cü illərdə deportasiya həyata keçirdilər. 1988-ci ilərin son deportasiyasından sonra orada bir azərbaycanlı belə qalmadı. Bu bir daha göstərir ki, erməni ideoloqları azərbaycanlılara və türklərə düşmən gözü ilə baxır və düşmənçiliyi bu gün də davam etdirirlər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ermənistan   Cinayət   Tarix   Alim