“Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Səfir

   “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” -    Səfir
  06 May 2021    Oxunub:2047
Mayın 6-da Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, Serjan Abdıkərimov 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Qeyd edib ki, Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Ölkələrimiz arasında tarixən formalaşmış ortaq dəyərlərdən bəhs edən Serjan Abdıkərimov hazırda bölgənin lider ölkəsi olan Azərbaycanla hərtərəfli əməkdaşlığı genişləndirmək istədiklərini bildirib. Parlamentlərarası əlaqələrə çox böyük əhəmiyyət verdiklərini qeyd edib, ATƏT PA çərçivəsində, eləcə də digər beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini həmişə dəstəklədiklərini deyib.

Görüşdə Azay Quliyev ATƏT PA çərçivəsində və digər beynəlxalq qurumlarda Azərbaycan və Qazaxıstan parlament nümayəndə heyətlərinin əməkdaşlığından söz açıb. Bölgəmizdə həyata keçirilən qlobal layihələrdən bəhs edib. İşğaldan azad olunmuş torpaqlarda aparılan minalardan təmizləmə işlərinə diqqət yönəldib. Bildirib ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün beynəlxalq qurumlar Ermənistana təzyiq göstərməlidir.

İşğaldan azad olunmuş ərazilərdə gördüklərindən dəhşətə gəldiyini, o torpaqlarda ermənilərin əsl barbarlıq törətdiyini bildirən Qazaxıstan səfiri deyib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi müharibə cinayətidir.

Söhbət zamanı ikitərəfli müstəvidə və çoxtərəfli platformalarda, o cümlədən TÜRKPA, Türk Şurası, TÜRKSOY, TRASECA, müxtəlif parlamentlərarası təşkilatlar və digər qurumlar çərçivəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Qazaxıstan   Səfir  





Xəbər lenti