Nazirlik Arif Quliyevin vəfatı ilə bağlı nekroloq yaydı

Nazirlik Arif Quliyevin vəfatı ilə bağlı nekroloq yaydı
  07 May 2021    Oxunub:3101
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb.
Azvision.az -ın xəbərinə görə, nekroloqda deyilir:

- Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Tanınmış teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində vəfat edib.

Arif Əli oğlu Quliyev 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Onun “Təzə gəlin”də (S.Dağlı, C.Cahangirov) Şərbətəli, “Gözün aydın”da (F.Əmirov, M.Əlizadə) Salyanski, “Durna”da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, “Özümüz bilərik”də (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, “Hicran”da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, “Ev bizim, sirr bizim”də (Ş.Axundova, N.Gəncəli) Tofiq, “Məşədi İbad”da (Ü.Hacıbəyli) Hambal, “Durnalar qayıdanda” tamaşasında (Hidayət) Mirzəqulu, “Məhəbbət, şeytan və ağ ölüm”də (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aktyorun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb.

Arif Quliyevin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları onun yaradıcılıq potensialının zənginliyini ifadə edir.

Müxtəlif teatrlarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “Humay”, “Qızıl dərviş” mükafatları və “Sənətkar” medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü idi.

Tanınmış aktyor, səmimi insan Arif Quliyevin əziz xatirəsi doğmalarının, sənət dostları və tamaşaçıların yaddaşında əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

Azvision.az


Teqlər: Arif-Quliyev  





Xəbər lenti