Əziz Şuşa, biz qayıtmışıq! - Tarixi dəyişən gün

 Əziz Şuşa, biz qayıtmışıq! -  Tarixi dəyişən gün
  08 May 2021    Oxunub:2792
İşğaldan azad edilmiş torpaqlarımızın hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Amma Şuşanın düşmən tapdağından azad olunması, hərbçilərimizin orada göstərdiyi igidlik, mərdlik hər zaman fəxarətlə xatırlanacaq.
Qarabağın tacı olan Şuşanın 28 il sonra işğalçılardan azad edilməsi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu.

Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Qarabağın mədəniyyət beşiyi olan Şuşanın azadlığa qovuşmasının tariximizdə xüsusi bir yeri var. Hələ 2020-ci ilin oktyabr ayında, döyüşlərin qızğın getdiyi günlərdə Prezident İlham Əliyev xarici media nümayəndələrinə verdiyi müsahibə zamanı bu məsələyə toxunaraq demişdi:

"Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.



2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu bu ali missiyanı yerinə yetirdi. 1992-ci ilin 8 mayından Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri – Qarabağın baş tacı – 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu. Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm Zəfər xəbərini, Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqımıza müraciətində elan etdi. Dövlət başçısı həmin gün çıxşını bu sözlərlə tamamladı:

"Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"




Şuşa döyüşləri Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. Xüsusi təyinatlılarımızın peşəkarlığı və mərdliyi dünyaya səs saldı. Xüsusi Təyinatlı Qüvvələrin qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşdü. Belə ki, peşəkar, ən yeni silahlarla silahlanmış Azərbaycan Ordusu misli görünməmiş şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Şübhə yox ki, gələcək hərb dərsliklərində bu əməliyyata xüsusi yer veriləcək. Hətta bir çox ölkələrin aparıcı hərbi mərkəzləri Şuşa döyüşlərinin sirrlərini açmaq üçün araşdırmalar aparır, dünyanın XXI əsrdə belə döyüşlərə şahidlik etmədiyini söyləyirlər.



Şuşa şəhəri yaxın döyüşlərdə, fərdi silahların tətbiqi ilə azad olundu. Xüsusi təyinatlılarımız sıldırım qayalıqlardan, düşmənin gözləmədiyi istiqamətlərdən dərinliklərə sızma edərək şəhər döyüşlərində özünün şücaətini göstərdi. Bununla da Şuşa azadlığa qovuşdu. Şuşanın azad olunmasından sonra Ermənistan məcbur qalaraq üçtərəfli bəyanatın imzalanmasına razılaşdı. Kapitulyasiyaya imza atan işğalçılar dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxdılar.



Bu gün əzəli sahibinə qayıdan Şuşada sürətli quruculuq və abadlıq işləri aparılır. Şəhərin bütün tarixi binalarının bərpa edilməsi prosesinə start verilib. Tezliklə mənfur düşmənin dağıtdığı tarixi abidələrimiz, yaşayış yerlərimiz bərpa olunacaq, Qarabağımıza həyat qayıdacaq. Şuşa yenidən Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək və qısa müddət ərzində şəhərin sakinləri öz doğma evlərinə geri dönəcəklər.

Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Tarixi şəhərimizi göz bəbəyimiz kimi qoruyacağıq. Bu, bizim borcumuz və ən ali vəzifəmizdir!

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şuşa   Şəhər   Azərbaycan   Qarabağ  





Xəbər lenti