Deputat: “Şuşaya həyat yenidən qayıdır”

  08 May 2021    Oxunub :1359
  Deputat:  “Şuşaya həyat yenidən qayıdır”
Əziz Şuşa 29 ildən sonra 8 mayı azad qarşılayır. Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Mədəniyyət paytaxtımız Azərbaycan üçün eyni zamanda geosiyasi və geoiqtisadi baxımdan vacib şəhərdir.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub.

"Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqənib. Ötən əsrin əvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə xüsusi iqtisadi potensiala malik olduğunu göstərir. 20.9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib. 1992-ci ildə Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi.

Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxınmdan xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Bu zona Laçın yolunun üstündə və Daşaltı çayının yaxınlığnda yerləşir. Turşsu müalicəvi vannaları ilə də məşhur idi. Füsunkar gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi. Növbəti festival isə cəmi 4 gün sonra yenidən keçiriləcək. Şuşaya həyat və gülüş yenidən qayıdır", -deyə V.Bayramov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Şuşa