Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub
Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan və zəngin dövlətçilik fəaliyyətindən bəhs edərək Ulu Öndərin əsasını qoyduğu tərəqqi yolunun dövlətimizin başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, dövlətimizin iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini bildirib. Dahi rəhbərin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində mühüm xidmətlərini qeyd edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini, doğma torpaqlarımızın erməni işğalından azad edildiyini böyük qürur hissi ilə vurğulayıb, aparılan nəhəng bərpa-quruculuq işlərindən danışıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə Heydər Əliyev Fondunun sosial-iqtisadi inkişafa xidmət edən və azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrin reallaşmasında mühüm fəaliyyəti qeyd olunub. Dövlətimizin başçısının 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək "Xarıbülbül" musiqi festivalının əhəmiyyəti vurğulanıb.
Gənc ədliyyə işçiləri və könüllüləri ilə Ulu Öndərin doğum günü münasibətilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda onlayn görüş keçirilib, bir qrup gənc bu ərəfədə könüllü fəaliyyətə cəlb olunub.
Nazirliyin rəhbər işçiləri tərəfindən Ümummilli Liderə həsr olunan bu tədbirlərdə, o cümlədən “Heydər Əliyev və Azərbaycanda yerli özünüidarəetmə” mövzusunda videokonfransda çıxış edilib, dahi liderin yüksək dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri ölkə başçısının ətrafında sıx birləşərək üzərilərinə düşən vəzifələri böyük əzm və məsuliyyətlə yerinə yetirəcəklərini söyləyiblər.
Həmçinin Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, kinozalda filmlər, eləcə də foto və video slaydlar izlənilib. Ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, nazirliyin sosial şəbəkə səhifələrində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən materiallar paylaşılıb.
Azvision.az
Teqlər: Ədliyyə Heydər-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


