Nəğmələri ilə ürəklərdə yaşayan böyük sənətkar

Nəğmələri ilə ürəklərdə yaşayan böyük sənətkar
  12 May 2021    Oxunub:6324
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Səid Rüstəmovun adı musiqisevərlərə yaxşı tanışdır. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb.
O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb. Ömründə bəstəkarın mahnılarından ən azı birini dinləmiş şəxs sanki bu nəğmənin sehrinə düşərək ondan qurtula bilmir.

Gözəl, axıcı melodiyaları ilə seçilən bu mahnılar onu dinləyən hər kəsin qəlbinə yol tapmağa, insan hisslərinə hakim kəsilməyə qadirdir. Bəstəkarın "Anamın laylası", “Alagöz”, “Maralım, gəl”, “Qurban adına”, “Bənövşə”, “Haralısan” və onlarla digər mahnılarını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu dərk edək.

Bu gün bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın Xalq artisti Səid Rüstəmovun anadan olmasından 114 il ötür.

Səid Rüstəmov 1907-ci il mayın 12-də indi tarixi yurdumuzda - İrəvanda anadan olub. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpıb. 1918-ci ildə İrəvanda baş verən erməni vəhşiliyi zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də, az vaxtdan sonra yenidən İrəvana qayıdıblar. Türkiyədən qayıtdıqdan sonra onlar evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçürlər. Burada ermənilər Səidin qardaşı Mirhüseyni öldürürlər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşır. Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq, yeniyetmə Səidin musiqiyə marağı daha da artırdı. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəylinin yanına aparır. Bu da Səidin taleyini həll edir. S.Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.

Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu digər sənətkarlardan - sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki, o, pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən məktəbdən başlayıb.

Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaradıb.

Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpıb. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirib.

Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S.Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək-zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan “Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”, “Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”, “Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir” və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib.

Bəstəkarın yaradıcılığında instrumental əsərlər də böyük yer tutur. Bu mənada yenə xalq çalğı alətləri orkestri üzərində dayanacağıq. Çünki S.Rüstəmov “Azərbaycan süitası”nı, “Sevinc” rəqsini və digər əsərlərini məhz bu orkestr üçün yazıb.

S.Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutub. Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.

S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. O, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparıb. Onun səsi-sorağı beynəlxalq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O, dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən ümumdünya və ümumittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olub.

Böyük sənət fədaisi, alovlu vətənpərvər Səid Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilib. O, 1938-ci ildə Əməkdar incəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat etsə də o, daima Azərbaycan musiqi sənəti tarixində yaşayır. Çünki bəstəkarın adı həm xalq çalğı alətləri orkestri, həm də əsərləri ilə qoşa çəkilir. Hələ neçə-neçə nəsillər böyük bəstəkarın yaradıcılıq irsindən dərs alıb, onun sənət çeşməsindən bəhrələnəcək.

Azvision.az


Teqlər: SəidRüstəmov  





Xəbər lenti